Kondisionerdən düzgün istifadə edilməməsi tənəffüs yollarının təbii müdafiə mexanizmini zəiflədərək müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.
Sherg.az xəbər verir ki, bu barədə Döş qəfəsi xəstəlikləri üzrə mütəxəssis, dosent Tibel Tuna məlumat verib.
Onun sözlərinə görə, uzun müddət çox aşağı temperaturda işləyən kondisionerlərdən gələn soyuq və quru hava boğaz quruluğu, öskürək, səs tutulması və tənəffüs yollarında həssaslıq yarada bilər. Ani temperatur dəyişiklikləri isə bəzi insanlarda tənəffüs şikayətlərini artırmaqla yanaşı, əzələ spazmları və tutulmalarına da səbəb ola bilər.
Mütəxəssis bildirib ki, vaxtında təmizlənməyən kondisioner filtrlərində bakteriya, kif və göbələk sporları toplanır. Bu mikroorqanizmlər xüsusilə allergiyası, astma, KOAH və digər xroniki ağciyər xəstəlikləri olan şəxslərdə narahatlıqları artıra bilər.
Tibel Tuna kondisionerin xarici mühitlə temperatur fərqinin 6-8 dərəcədən çox olmamasını, cihazın 24-26 dərəcə arasında işlədilməsini və soyuq hava axınının birbaşa üzə və sinəyə yönəldilməməsini tövsiyə edib.
O, həmçinin yay aylarında kondisioner filtrlərinin mütəmadi təmizlənməsinin, otaqların tez-tez havalandırılmasının, kifayət qədər maye qəbulunun və siqaret tüstüsündən uzaq durmağın tənəffüs sağlamlığının qorunması baxımından vacib olduğunu vurğulayıb.