Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri yem istehsalçıları və idxalçılarının məlumatlandırılması məqsədilə görüş keçiriblər.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Sherg.az-a verilən məlumata görə, görüş zamanı heyvan yemlərinin aflatoksin B1 ilə çirklənməsinin qida təhlükəsizliyi sahəsində ciddi problem yaratdığı bildirilib.
Həmin halların yaranması əsasən yemlərin düzgün saxlanılmaması, yüksək rütubət və temperatur şəraitində kiflənməsi ilə əlaqədardır. Problemin qarşısının alınması üçün bu sahədə fəaliyyət göstərən sahibkarlar tərəfindən yemlərin istehsalı, daşınması və saxlanması mərhələlərində gigiyenik tələblərə ciddi riayət edilməlidir.
Agentlik tərəfindən hazırlanan “Yem məhsullarında aflatoksin B1 miqdarının azaldılmasına dair metodiki göstəriş” görüş iştirakçılarına təqdim olunub, sənədin əsas müddəaları barədə ətraflı məlumat verilib. Son dövrlərdə süddə aşkar edilən uyğunsuzluqların əsas səbəbi heyvan yemlərinin aflatoksin B1 ilə çirklənməsi olduğu diqqətə çatdırılıb. Aflatoksin B1 əsasən kif göbələklərinin istehsal etdiyivə yem məhsullarında yaranan toksindir.
Yüksək dozada aflatoksinə məruz qalma adətən, qarın ağrıları, sarılıq, hepatit kimi simptomlarla müşahidə olunan aflatoksikoza səbəb ola bilər. Bu isə qaraciyərə ciddi zərər vuraraq insan sağlamlığı üçün həyati təhlükə yaradır.
Görüşün yekununda iştirakçıların sualları cavablandırılıb.