Kardioloq ürək sağlamlığını qorumağın 5 əsas yolunu açıqlayıb

Ürək-damar xəstəlikləri dünyada ölüm hallarının əsas səbəblərindən biri olaraq qalır. Mütəxəssislər bildirirlər ki, bir neçə əsas risk amilinə nəzarət etməklə infarkt və insult riskini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.

Sherg.az xəbər verir ki, akademik və kardioloq Yevgeni Şlyaxtonun sözlərinə görə, yüksək qan təzyiqi, "pis" xolesterinin yüksək olması, siqaret çəkmək, artıq çəki və şəkərli diabet ürək-damar xəstəliklərinin əsas risk faktorlarıdır.

Ekspert qeyd edib ki, xüsusilə 50 yaşa qədər bu risk amillərinin aradan qaldırılması insanın sağlam ömrünü 12–14 il uzada bilər.

Kardioloqun fikrincə, ürək sağlamlığını qorumaq üçün qan təzyiqi, xolesterin və qan şəkəri mütəmadi nəzarətdə saxlanılmalı, siqaretdən imtina edilməli, normal çəki qorunmalı, sağlam qidalanma və fiziki aktiv həyat tərzi mənimsənilməlidir.

Şlyaxto əlavə edib ki, müasir kardiologiyada erkən diaqnostika, yeni dərmanlar və süni intellekt texnologiyalarından istifadə xəstəliklərin qarşısının alınması və müalicəsinin effektivliyini artırır.