Limon və zeytun yağı qarışığı: Təbii detoks, yoxsa sosial medianın təsiri?

Son vaxtlar sosial şəbəkələrdə ən çox yayılan sağlamlıq trendlərindən biri zeytun yağı ilə limon suyunun qarışığıdır. İddialara görə, bu qarışım həzmi rahatlaşdırır, bağırsaq hərəkətlərini artırır, səhərlər daha yüngül oyanmağa kömək edir və hətta dəriyə parlaqlıq verir.

Sherg.az xəbər verir ki, trend olduqca sadədir: bir xörək qaşığı sızma zeytun yağı yarım limonun suyu ilə qarışdırılır və yatmazdan əvvəl içilir. “Wellness” çevrələrində bu üsul “təbii detoks” kimi təqdim olunur, qaraciyəri təmizlədiyi və orqanizmi toksinlərdən arındırdığı iddia edilir.

Mütəxəssislər bildirirlər ki, sızma zeytun yağı təkli doymamış yağ turşuları baxımından zəngindir və ürək üçün faydalıdır. Limon isə C vitamini və antioksidantlarla zəngindir. Lakin bu iki məhsulun birlikdə və xüsusilə gecə saatlarında qəbulunun möcüzəvi təsir göstərdiyini sübut edən güclü elmi dəlillər yoxdur. “Detoks effekti” və ya yuxu keyfiyyətini artırması ilə bağlı iddialar klinik olaraq təsdiqlənməyib.

Həkimlər mədə həssaslığı, reflü və ya qastrit problemi olan şəxslərə ehtiyatlı olmağı tövsiyə edirlər. Limonun turşuluğu mədə yanmasına səbəb olur, zeytun yağı isə bəzi insanlarda narahatlıq yarada bilər.

Nəticə olaraq, bu qarışım bəzi şəxslərdə yüngül rahatlama hissi yarada bilər, lakin onu universal sağlamlıq resepti və ya möcüzəvi vasitə kimi qəbul etmək düzgün deyil. Davamlı sağlamlıq üçün əsas amillər balanslı qidalanma, keyfiyyətli yuxu və düzgün həyat tərzidir.