Balıq yağı və omeqa-3 əlavələri ilə bağlı son araşdırmalar qida əlavələrinin təhlükəsizliyi mövzusunu yenidən gündəmə gətirib. Mütəxəssislər bildirirlər ki, vitamin, mineral və bitki mənşəli əlavələr hər zaman faydalı və təhlükəsiz olmaya bilər.
Sherg.az xəbər verir ki, araşdırmalara görə, bəzi əlavələrin tərkibi etiketdə göstərilən məlumatlarla uyğun gəlməyə, yüksək dozalar isə sağlamlıq problemlərinə səbəb ola bilər. Xüsusilə A və D vitaminlərinin həddindən artıq qəbulu qaraciyər, böyrək və ürək fəaliyyətinə mənfi təsir göstərə bilər.
Mütəxəssislər həmçinin omeqa-3, balıq yağı, sarıkök, yaşıl çay ekstraktı və digər bitki mənşəli məhsulların bəzi dərmanlarla qarşılıqlı təsirə girərək gözlənilməz fəsadlar yarada biləcəyini vurğulayırlar.
Onların fikrincə, qida əlavələri sağlam qidalanmanı əvəz etmir və uzunmüddətli yorğunluq, ağrı və ya digər narahatedici əlamətlər zamanı özbaşına əlavələr qəbul etmək əvəzinə həkimə müraciət etmək lazımdır.
Mütəxəssislər əlavələrdən istifadə etməzdən əvvəl həkim, əczaçı və ya dietoloqla məsləhətləşməyi tövsiyə edirlər. Xüsusilə xroniki xəstələr, hamilələr, yaşlılar və uşaqlar üçün bu daha böyük əhəmiyyət daşıyır.