"Özünü müalicə" faciə ilə bitdi - Həkim antibiotik iynəsinin ölümcül risklərini açıqladı

  •  "Aptekdən dərman alıb özünüzə iynə vurmayın!"

Şirvan şəhərində bədbəxt hadisə baş verib. Şəhər sakini, 46 yaşlı Sadiq Əbülfət oğlu Hümbətov yaşadığı evdə diz nahiyəsinə antibiotik iynəsi vurub və ölüb. Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. 

Həkim-terapevt Şahvələd Məmmədov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, ev şəratində, heç bir tibbi savadı olmayan şəxslər tərəfindən bədənə əzələdaxili və ya venadaxili iynə vurulması, müxtəlif inyeksiyalar edilməsinə, təəssüf ki hələ də çox rast gəlinir: 

- Nə qədər deyilsə də, insanlarımız “həkimlikdən” əl çəkmir. Həkimə müraciət etmək, dəqiq müayinə olunmaq əvəzinə, aptekə gedir, orada əczaçıdan məsləhət alır, dərman da alır, iynə də və başlayırlar özləri həkimlik etməyə, tibb bacısı rolu oyanamağa. Bunlar çox təhlükəlidir. Dizə aintibiotik və ya başqa bir iynə vurulması məsələisni ortoped həkimlər daha yaxşı izah edə, şərh edə bilər. Ümumi olaraq bildirə bilərəm ki, diz oynağının içinə standart olaraq antibiotik iynəsi vurulmur. Diz oynağına adətən iltihab əleyhinə xüsusi maddələr, süni oynaq mayesi yeridilir. Antibiotik iynəsi niyə olmaz, çünki dizdəki adi ağrı və ya artroz zamanı problem infeksiya deyil, qığırdaq aşınması və ya mexaniki iltihab ola bilər. Əgər diz oynağında həqiqətən bakterial infeksiya varsa, bu zaman xüsusi hallarda həkim nəzarəti ilə antibiotik müalicəsi tətbiq edilir, lakin adi qaydada bura antibiotik iynəsi vurulması səhv və təhlükəlidir. Həkim nəzarəti olmadan və ilkin allergiya testi aparılmadan antibiotik vurulması qəfil anafilaktik şoka və tənəffüsün dayanmasına səbəb ola bilir. Diz oynağı anatomik olaraq çox həssas və qapalı bir sahədir. Həkim olmayan şəxsin bura birbaşa iynə vurması maddənin səhvən böyük qan damarlarına və ya sinirlərə yeridilməsinə, oynağın içində kəskin toksiki şoka və ya infeksiyanın qana sürətlə yayılmasına yol aça bilər. Vətəndaşlarımız özbaşına həkimlikdən əl çəksinlər.