Pediatr Yeni il şənlikləri ilə bağlı sərt xəbərdarlıq edib

Bayram şənliyi virus üçün ideal mühitdir

Virusu kənardan gətirmirlər, özümüz yayırıq

Həkim-pediatr Vaqif Qarayev yaxınlaşan Yeni İl şənlikləri ilə bağlı valideynlərə xəbərdarlıq edib.

Həkim Sherg.az-a açıqlamasında qeyd etdi ki, son günlərdə ölkədə, xüsusən də uşaqlar arasında qrip xəstəliyinin yayıldığı müşahidə olunur. Səbəb məlumdur – uşaqların kütləvi tədbirlərdə, bayram şənliklərində iştirakı:

- Bəzilərində səhvən belə fikir formalaşıb ki, ölkədə uşaqlar arasındakı virusu qəsdən yayırlar. Aparılan bir müzakirədə əksəriyyətin fikri belə idi. Gəlin, ciddi olaq. Hər il payız-qış mövsümündə respirator viruslar baş qaldırmır ki? Qaldırır. İndi tutaq ki, kənardan virus gətirmək asandır, amma sovet dövründə bundan da ağır epidemiyalar olub, onda kim yayırdı virusu?! Belə nağıllar icad etməkdənsə, uşaqlarımızı qoruyaq. Xəstədirsə, təcrid edək, gigiyenik qaydalara əməl edək, tibbi maskadan istifadə edək. İndi hamı uşaqlarını bayram tədbirlərinə aparır, yeni il şənlikləri bitənədək də aparacaqlar. Məktəb şagirdləri üçün restoranlarda Yeni il şənliyi təşkil edirlər. Hamı yığışır, basırıq, kim xəstədir, kim deyil bilinmir. Hamı bir-birini yoluxdurur. Əlbəttə, virus daha geniş miqyasda yayılacaq. Deməli, virusu özümüz yayırıq.

V.Qarayev valideynlərə diqqətli olmağı, xəstəlik əlamətləri olduqda uşaqları gecikmədən həkim müayinəsinə aparmağı tövsiyə etdi.