“Qəhvə yuxusu” adlanan üsul qısa yuxu ilə kofeinin təsirini birləşdirərək enerji səviyyəsini artırmağı vəd edir. Bəs bu üsul həqiqətən işləyirmi? Elmi araşdırmalara görə, qahvə içdikdən sonra 15 dəqiqəlik qısa yuxu diqqəti və performansı əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Maraqlı görünsə də, mütəxəssislər uzunmüddətli perspektivdə ən doğru yolun müntəzəm və keyfiyyətli yuxu olduğunu vurğulayırlar.
Gün ərzində yorğun hiss edirsinizsə, qəhvə içmək və ya qısa müddətlik yuxu almaq yaxşı çıxış yolu ola bilər. Bəs bu ikisini birləşdirmək necə? Son illərdə populyarlaşan “qəhvə yuxusu” üsulu, qəhvə içdikdən dərhal sonra qısa yuxuya getməyin enerji səviyyəsini artırdığını iddia edir. Bu isə sual yaradır: doğrudanmı təsirlidir?
Sherg.az xəbər verir ki, "The Conversation" platformasına görə, yuxu çatışmazlığı insanın fərqində olmadan topladığı “yuxu borcu” yaradır. Bu borcu azaltmağın ən yayılmış yolları arasında qısa yuxu və qəhvə istehlakı yer alır. 1990-cı illərdən etibarən alimlər bu iki üsulun birlikdə təsirini araşdırırlar.
1997-ci ildə aparılan bir tədqiqatda yuxusuz 12 nəfər əvvəlcə bir böyük fincan qəhvə içib, daha sonra 15 dəqiqə yatıb. Daha sonra onlar sürüş simulyasiyasında test olunublar. Nəticələr göstərib ki, yalnız qəhvə içənlərin diqqəti artsa da, qəhvə içib qısa yuxu alanlar daha yüksək performans nümayiş etdiriblər.
Araşdırmaya əsasən, “qəhvə yuxusu” edən şəxslər monoton sürüş zamanı zolaqdan çıxma ehtimalı ən aşağı olan qrup olub. Hətta dərin yuxuya getmədən qısa müddətlik mürgüləmək belə enerji səviyyəsini artırmağa kifayət edib.
Qəhvə yuxusu bədənə necə təsir edir?
Kofein mədəyə daxil olduqdan sonra nazik bağırsağa keçir və burada sorulur. Bu proses təxminən 45 dəqiqə çəksə də, təsiri 30 dəqiqə ərzində hiss olunmağa başlayır.
Qəhvə içdikdən dərhal sonra 10–15 dəqiqəlik yuxu, kofeinin təsiri başlamazdan əvvəl orqanizmin dincəlməsinə imkan yaradır. Oyandıqdan sonra isə həm qısa yuxunun rahatlığını, həm də kofeinin verdiyi enerjini eyni anda hiss etmək mümkün olur. Bu təsir saatlarla davam edə bilər.
Lakin qəhvə içdikdən sonra çox gec yatmağa çalışsanız, yəni kofein artıq təsir göstərməyə başladıqdan sonra, bu üsul əks nəticə verə bilər.
Gündəlik qəhvə miqdarı nə qədər olmalıdır?
“Qəhvə yuxusu” cəlbedici səslənsə də, kofein qəbulunu nəzarətdə saxlamaq vacibdir. Mütəxəssislərə görə, gündəlik 300-500 mq kofein (təxminən 2–3 böyük fincan qəhvə) təhlükəsiz hesab olunur. 500 mq-dan artıq qəbul isə əsəbilik, narahatlıq, ürək döyüntüsünün artması və yuxu problemlərinə səbəb olur.
Əgər kofein qəbulunu azaltmaq istəyirsinizsə, bunu birdən deyil, mərhələli şəkildə etmək tövsiyə olunur.
Yuxu borcunu azaltmağın ən yaxşı yolu
“Qəhvə yuxusu” qısa müddət üçün enerji versə də, uzunmüddətli həll deyil. Ən effektiv yol müntəzəm və kifayət qədər yuxu almaqdır. Keyfiyyətli yuxu diqqəti artırır, məhsuldarlığı yüksəldir və eyni zamanda piylənmə, diabet və depressiya riskini azaldır. Bundan əlavə, yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını da aşağı salır.