Reseptsiz satılan dərmanlar ölüm gətirir - PROFESSOR

Adil Qeybulla: Dərman zəhərlənməsi halları sistemli şəkildə araşdırılmalıdır

İnsan xəstələndikdə sağlamlığını bərpa etmək üçün ilk növbədə dərmanlara üz tutur. Həkimlərin təyin etdiyi və ya apteklərdən asanlıqla əldə edilən dərman preparatları normalda insan həyatını xilas etməli, ağrını və xəstəliyi aradan qaldırmalıdır. Lakin son dövrlərdə ortaya çıxan faktlar göstərir ki, cəmiyyətdə həyatın qoruyucusu kimi qəbul edilən dərman vasitələri ölüm riski yaradan amilə çevrilib. Rəsmi məlumatlara görə, ötən ay ölkə üzrə 88 nəfərə zəhərlənmə diaqnozu qoyulub. Bu halların 33-ü məhz dərman preparatlarının qəbulu ilə bağlı olub. Bu gün isə vəziyyətin nə qədər təhlükəli həddə çatdığını göstərən növbəti faciə baş verib. Bakıda dərman qəbulundan zəhərlənən bir kişi həyatını itirib. Əgər bu vasitələr insan həyatını xilas etmək əvəzinə ölüm riskinə çevrilirsə, deməli sistemdə ciddi problemlər var. 

Məgər məsul qurumlar yalnız hadisələr faciəvi xarakter aldıqdan sonra fəaliyyətə başlamalıdır?

Mövzu ilə bağlı tanınmış həkim, professor Adil Qeybulla Sherg.az-a bildirib ki, dərman zəhərlənmələri ilə bağlı faktlar ortaya çıxdıqdan sonra məsələ ilə əlaqədar məsul qurumlara müraciət edilib:

“Dərman zəhərlənmələri ilk növbədə qəbul edilən dərman preparatının dozasının normadan artıq olması ilə bağlı yarana bilər. Bəzi hallarda xəstələr dərmanı qəsdən və ya bilmədən, yüksək dozada qəbul edir. Bu zaman dərman orqanizmdə əks reaksiya yaradaraq, zəhərlənməyə yol açır. Digər mühüm səbəb isə preparatların keyfiyyəti ilə bağlıdır. Bəzən dərmanların hazırlanması zamanı istifadə olunan köməkçi maddələr lazımi standartlara cavab vermir. Preparatın farmakoloji təsirinin dəyişməsi toksiki reaksiyalara səbəb ola bilər. Normal prosedura görə ölkəyə daxil olan bütün dərman preparatları laborator nəzarətdən keçərək, qeydiyyata alınmalıdır. Bu proses Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən həyata keçirilir”. 

Professorun sözlərinə görə, bəzi preparatlar qeyri-qanuni yollarla ölkəyə gətirilərək, dövriyyəyə buraxılır:

“Bu kimi halların qarşısını almaq üçün dərman bazarına nəzarət mexanizmləri gücləndirililməldir. Bundan əlavə, zəhərlənmə halları bəzən müxtəlif dərmanların eyni vaxtda qəbul edilməsindən də qaynaqlana bilər. Bir-biri ilə uyğun olmayan və ya əks təsir göstərən preparatların paralel istifadəsi orqanizmdə ciddi toksik reaksiyalara səbəb olur. Belə hallarda səhiyyə strukturları zəhərlənmənin konkret hansı preparatdan qaynaqlandığını tibbi ekspertiza və toksikoloji analizlər vasitəsilə müəyyən etməlidir. Bəzən xəstə dünyasını dəyişir, aparıb basdırırlar. Ölüm səbəbi ilə bağlı nə tibbi ekspertiza, nə də toksikoloji analiz aparılır. Sonradan həmin şəxsin hansı dərmandan və nəyə görə zəhərləndiyini sübut etmək mümkünsüzdür”. 

A.Qeybulla bildirib ki, zəhərlənmə hallarına səbəb olan digər ciddi problem apteklərdə dərmanların reseptsiz verilməsidir:

“Bir çox ölkələrdə məhdud sayda preparat reseptsiz satılır. Avropa ölkələrində olduğu kimi, parasetamol, diklofenak və aspirindən başqa bütün dərmanlar reseptlə satışa çıxarılmalıdır. Azərbaycanda isə vətəndaşlar reseptsiz şəkildə antibiotiklər əldə edərək, özbaşına istifadə edirlər. Mütəmadi olaraq ev şəraitində reseptsiz vurulan antibiotikdən insanların şoka düşüb, öldüyünün şahidi oluruq. Bunun qarşısını almaq üçün ev şəraitində reseptsiz inyeksiyaların və venadaxili sistemlərin tətbiqi qadağan edilməlidir. Bu prosedurlar yalnız tibbi müəssisələrdə və ya peşəkar tibbi nəzarət altında aparılmalıdır. Dərman zəhərlənməsi halları sistemli şəkildə araşdırılmalı və konkret faktlarla təsdiqlənməlidir. Əks halda ölümlər artmaqda davam edəcək”.