Rusiyada ət saxlama müddətini 4 dəfə artıran üsul hazırlanıb

Rusiyanın Kazan Dövlət Aqrar Universitetinin alimləri soyudulmuş ətin saxlanma müddətini əhəmiyyətli dərəcədə artıran yeni texnologiya hazırlayıblar.

Sherg.az xəbər verir ki, məlumata görə, adi şəraitdə ət 7 günə qədər saxlanıldığı halda, yeni üsul bu müddəti 21–28 günə qədər uzadır. Alimlər bildirir ki, ən yaxşı nəticə bir neçə texnologiyanın birgə tətbiqi ilə əldə olunur.

Ən effektiv metodlardan biri yüksək təzyiq altında emal və vakuum qablaşdırmanın kombinasiyasıdır. Bu üsul bakteriyaların böyük hissəsini məhv edir və məhsulun dadını demək olar dəyişmir.

Digər yanaşma isə xüsusi qaz mühitində qablaşdırma və təbii antimikrob maddələrin istifadəsidir ki, bu da ətin daha uzun müddət təhlükəsiz saxlanmasına imkan verir.

Mütəxəssislər qeyd edir ki, texnologiyanın geniş tətbiqinə əsas maneə yüksək avadanlıq xərcləridir.