Səssiz yayılan təhlükə: yaşlılar və xroniki xəstələr daha diqqətli olmalıdır

Cicada daha yoluxucu ola bilər, amma ölüm riski artmayıb

COVID-19 virusunun “Cicada” (BA.3.2 ) variantı yenidən yayılmağa başlayıb. BA.3.2 variantının “cicada” adlandırılmasının səbəbi onun uzun müddət “səssiz” qalmasıdır. Bu variant ilk dəfə 2024-cü ilin sonunda Afrikada aşkarlanıb və 2025-ci il ərzində bir çox ölkəyə yayılaraq 2026-cı ilin fevralına qədər ən azı 23 ölkədə qeydə alınıb. 

ABŞ, Böyük Britaniya, Honq Konq və Mozambik kimi ölkələrdə də qeydə alınan bu variant hazırda beynəlxalq nəzarət altındadır. Mütəxəssislərə görə, “Cicada” variantı daha yoluxucu ola bilər, amma xəstəliyin daha ağır keçdiyinə dair sübut yoxdur və ölüm riskini artırdığı təsdiqlənməyib. Simptomlar əvvəlki variantlara bənzəyir: boğaz ağrısı, qızdırma, öskürək, baş və əzələ ağrıları, burun axması müşahidə olunur.

Ekspertlər insanlara gigiyenaya diqqət etməyi, maska istifadə etməyi və xəstə olduqda evdə qalmağı tövsiyə edib.

Sherg.az xəbər verir ki, mikrobioloq Tutku Taşkınoğlu “Cicada”nın koronovirusun əvvəlki “Omicron” ştammından əhəmiyyətli dərəcədə fərqləndiyini bildirib. Onun fikrincə  bu da virusun immun sistemindən qismən yayınmasına, mövcud anticisimlərin təsirindən yayınaraq daha səssiz yayılmasına şərait yaradır: “ COVID-19 artıq mövsümi tənəffüs yolu infeksiyalarından birinə çevrilib və yeni variantların yaranması gözlənilən prosesdir. Xüsusilə 65 yaşdan yuxarı şəxslər, xroniki xəstəlikləri olanlar və immun sistemi zəif olanlar daha diqqətli olmalıdır. Uşaqlara gəldikdə isə, əgər yanaşı xəstəlik yoxdursa, infeksiya əksər hallarda yüngül keçir və xüsusi müdaxilə olmadan sağalma ilə nəticələnir. Lakin ilkin müşahidələr göstərir ki, “Cicada” variantı uşaqlar arasında daha yüksək yoluxma göstəriciləri ilə seçilə bilər. Bunun əsas səbəbi kimi uşaqların immun sisteminin tam formalaşmamasıdır. Belə ki, onlar böyüklərlə müqayisədə daha az sayda Covid-19 variantı ilə qarşılaşıb və bu səbəbdən orqanizm virusu tanımaqda çətinlik çəkə bilər”.

Pandemiya ehtimalına gəldikdə isə infeksionist bildirib ki, BA.3.2 variantının yeni bir qlobal pandemiyaya səbəb olacağı gözlənilmir. Onun sözlərinə görə, artıq dünya əhalisinin böyük hissəsində həm xəstəliyi keçirmə, həm də peyvəndlənmə hesabına müəyyən səviyyədə kollektiv immunitet formalaşıb: “Cicada” variantı diqqətdə saxlanılsa da, hazırda ciddi narahatlıq üçün əsas yoxdur. Sadəcə olaraq insanlar mövsümi infeksiyalara qarşı diqqətli olmalı, simptomlar yaranarsa istirahət etməlidir. Risk qrupuna daxil olan şəxslər isə profilaktik tədbirlərə əməl etməli, o cümlədən peyvənd olunmalıdır”.