Son 10 ilin ən ağır qrip epidemiyası gözlənilir - Pediatrdan xəbərdarlıq

Elşən Tağıyev valideynlərə və risk qrupuna çağırış edib

Diqqət! Son 10 ilin ən ağır qrip epidemiyası gözlənilir. “Sherg.az” xəbər verir ki, bu barədə pediatr Elşən Tağıyev xəbərdarlıq edib. 

Qrip epidemiyasının yeni dalğasının artıq qapıda olduğunu vurğulayan pediatr bildirib ki, hazırda daha çox yayılan H3N2 ştammı İnfluenza A virusunun bir alt tipidir və mövsümi qripin əsas səbəblərindən biridir. Hər il dövr edən bu xəstəlik yaşlı şəxslərdə daha ağır keçir və ciddi sağlamlıq problemlərinə yol açır: “Qrip virusları tez- tez mutasiya edərək özünü “yeniləyir” və bu immunitet sistemini qismən aldada bilir. Normal bioloji prosesdir. H3N2-də ən çox dəyişən hissə Hemagqlutinin (H) zülalıdır. Bu dəyişiklik yoluxmanı asanlaşdırır, keçirilmiş qripə baxmayaraq yenidən yoluxma yarada bilir”. 

Hazırda yayılan mutasiyanın daha yüksək yolxuculuq qabiliyyətinə malik olduğunu vurğulayan E. Tağıyev onu da qeyd edib ki, bu “super virus” və ya “yeni pandemiya” demək deyil: “Araşdırmalara görə, bəzi variantlar daha yoluxucu ola bilir, amma sübut olunmuş daha yüksək ölüm riski yoxdur. Risk qrupu əsasən yaşlılar, xroniki xəstələr və uşaqlardır” .

Həkim əlavə edib ki, bu risk qrupuna daxil olan şəxslərdə yüksək hərarət, nəfəs darlığı, halsızlıq və qidalanmama kimi əlamətlər müşahidə edilərsə mütləq vaxt itirmədən həkimə müraciət edilməlidir. 

Epidemiyadan qorunmanın ən effektiv yolunun peyvənd olduğunu bildirən pediatr vurğulayıb ki, qrip peyvəndləri hər il virusun mutasiyaları nəzərə alınaraq yenilənir. Vaksin xəstəliyin ağır keçməsinin qarşısını alır, hospitalizasiya riskini azaldır və ölüm riskini ciddi şəkildə aşağı salır. Elşən Tağıyev valideynlərə və risk qrupuna çağırış edib ki, qış aylarında özlərini və yaxınlarını qorumaq üçün peyvənddən istifadə etsinlər və gigiyena qaydalarına ciddi riayət etsinlər.