Soyuq hava xəstə etmir! - ARAŞDIRMA

Soyuq havanın uşaqların tənəffüs sisteminə mənfi təsir göstərdiyini düşünənlərdənsiniz? O halda mütəxəssis rəyinə diqqət yetirin.

Bir çox insan qrip, bronxit və sətəlcəm kimi qış aylarında daha çox rast gəlinən xəstəliklərin səbəbi kimi soyuq havanı, hətta qarı günahlandırır.

Sherg.az xəbər verir ki, uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssis Dr. Başak Namdar Çelikkan bildirir ki, son illərdə aparılan elmi araşdırmalar bu ənənəvi düşüncənin dəyişdiyini göstərir.

Avropa ölkələrində yaşayan insanların əksəriyyəti qarlı və soyuq havalarda uşaqları qalın geyindirərək mütləq açıq havaya çıxarır. Antarktidada könüllülər üzərində aparılan tədqiqatlar nəticəsində müəyyən olunub ki, soyuq hava qrip və bronxit kimi tənəffüs yolu xəstəliklərinə birbaşa səbəb olmur. Araşdırmalar həmçinin qar yağmasının havadakı mikrobların azalmasına səbəb olduğunu göstərib.

Soyuq hava selik (mukus) daşınması prosesində qoruyucu rol oynayır. Tənəffüs yollarının girişində yerləşən nazik selik qatı mikrobların ağciyərlərə çatmasının qarşısını alan bir baryer funksiyası daşıyır. Soyuq hava selik ifrazını artırır, nəticədə qoruyucu qat qalınlaşır və mikrobların orqanizmə daxil olması çətinləşir.

Bundan əlavə, soyuq havada nəfəs aldıqda burun divarlarında qan dövranı sürətlənir, toxumalar şişir və mikrobların daxil olması daha da çətinləşir. Bu baxımdan soyuq hava orqanizm üçün təbii müdafiə mexanizmi yaradır.

Qar yağdıqda havada asılı qalan mikroblar yerə çökərək azalır. Qar həmçinin ətraf mühitdəki toz və çirklənməni örtərək havanın keyfiyyətini yaxşılaşdırır. Rütubətin azalması da mikrobların çoxalması üçün əlverişli mühiti zəiflədir.

Xəstəliklərdən qorunmaq üçün nə etməli?

Soyuq havadan qorxmayın, təmiz havada nəfəs alın

Bol maye qəbul edin

Gigiyenaya diqqət edin, əllərinizi tez-tez yuyun

Qapalı və havasız mühitlərdən uzaq durun

Mövsümə uyğun geyinin

Olduğunuz məkanı tez-tez havalandırın