Şüur dəyişikliyi başlayır: Yer kürəsində növbəti dəyişiklik ehtimalı - Qoşqar Qurbanov

Elektromaqnit sahədəki dəyişikliklər insan beyninin ritmlərinə təsir edərək yuxu rejiminin pozulmasına səbəb ola bilər

Yer üzündə insanların yuxusuzluqdan əziyyət çəkməsinə səbəb olan müəmmalı hadisə qeydə alınıb. “Daily Mail”in məlumatına görə, son bir həftədən artıqdır ki, planetin vibrasiyalarının gücləndiyi bildirilir. Bunun nəticəsində bir çox insan yuxu problemləri, qulaqda səs-küy, hətta bəzi hallarda görmə qabiliyyətinin zəifləməsindən şikayət edir.

Bu hadisə “Şuman rezonansı” kimi tanınır. O, ildırımların təsiri nəticəsində Yer səthi ilə ionosfer arasında yaranan sabit elektromaqnit ritmdir.

Alimlərin fikrincə, bu dalğalanmalara maqnit qasırğaları və Günəşdə baş verən alımalar təsir göstərə bilər.

Bioenerji Qoşqar Qurbanov Sherg.az-a bildirib ki yerin maqnit sahəsi və şuman tezliyi bizi Günəşdən və kosmosdan gələn zərərli radiasiyadan qoruyan görünməz bir qalxandır. Amma bu qalxan sabit deyil. O dəyişir, zəifləyir və hər bir neçə min ildən bir tamamilə tərsinə çevrilir. Yəni şimal cənub olur, cənub isə şimal.

Q. Qurbanovun fikrincə bu, Yer tarixində yüzlərlə dəfə baş verib və alimlərin fikrincə, biz artıq növbəti çevrilmənin ilkin mərhələsindəyik: “Son 20 ildə şimal maqnit qütbü Kanada Arktikasından Sibirə doğru 2 300 kilometrdən çox hərəkət edib. Bu sürət normaldan təxminən on dəfə çoxdur. Üstəlik, son illərdə Yer maqnit sahəsi nəzərəçarpacaq dərəcədə zəifləyib. Bu nə deməkdir? Bu o deməkdir ki, bizi qoruyan qalxan ən çox ehtiyacımız olduğu bir dövrdə gücünü itirir. Amma məsələ bununla bitmir. Şuman rezonansı adlanan bir hadisə var. Bu, Yer ilə ionosfer arasında yaranan elektromaqnit titrəyişidir və normalda 7,83 Hz civarındadır. Son illərdə isə bu tezlikdə qeyri-adi yüksəlişlər müşahidə olunur. Maraqlısı odur ki, bu tezlik insan beyninin alfa dalğalarına, yəni sakit və meditativ vəziyyətə çox yaxındır. Neyrobioloqlar hesab edirlər ki, Yer kürəsinin elektromaqnit sahəsindəki dəyişikliklər insan beyninə, düşüncə tərzinə və şüura birbaşa təsir göstərə bilər. Bəlkə də baş verənlər təkcə geoloji deyil, eyni zamanda şüurla bağlı bir dəyişimin başlanğıcıdır”.

Q. Qurbanovun fikrincə, bu dəyişikliklər yalnız geoloji və fiziki proseslərlə məhdudlaşmaya bilər, bəzi yanaşmalara görə, Yer kürəsinin elektromaqnit mühitində baş verən transformasiyalar insan beyninin fəaliyyəti və şüur vəziyyəti ilə də müəyyən əlaqəyə malik ola bilər:

“Belə ki, bəzi alternativ yanaşmalara əsasən, elektromaqnit sahədəki dəyişikliklər insan beyninin ritmlərinə təsir edərək yuxu rejiminin pozulmasına, dərin yuxu mərhələsinin zəifləməsinə və ümumi olaraq yuxusuzluğun artmasına səbəb ola bilər. Bununla belə, bu kimi yanaşmalar hələ də elmi müstəvidə tam təsdiqini tapmayıb və məsələ həm elmi, həm də alternativ baxışların kəsişdiyi mübahisəli istiqamətlərdən biri olaraq qalmaqdadır”.