Toxluq şəkəri ilə Alzheimer arasında yeni əlaqə aşkarlandı - Elmi araşdırma

Qanda şəkərin izlənməsi zamanı adətən acqarına göstəricilərə diqqət yetirilir. Lakin İngiltərədə təxminən 360 min insanın genetik məlumatları əsasında aparılan yeni araşdırma yeməkdən sonra yüksələn qan şəkəri - yəni toxluq şəkəri ilə Alzheimer xəstəliyi riski arasında mühüm əlaqə olduğunu ortaya qoyub.

Sherg.az xəbər verir ki, diabet və beyin sağlamlığı arasındakı əlaqə uzun müddətdir elmi araşdırmaların diqqət mərkəzindədir. Əvvəllər əsas diqqət insulin müqaviməti və ya uzunmüddətli şəkər ortalamasına yönəldilsə də, 2026-cı ildə “Diabetes, Obesity and Metabolism” jurnalında dərc edilən yeni tədqiqat diqqəti yeməkdən sonrakı şəkər dalğalanmalarına yönəldib.

Liverpul Universiteti və College London universitetinin alimlərinin həyata keçirdiyi araşdırmada qan şəkərindəki dəyişikliklərin beynə uzunmüddətli təsirlərini öyrənmək üçün genetik metoddan istifadə olunub.

Yeməkdən 2 saat sonrakı göstərici niyə vacibdir?

Tədqiqatçılar UK Biobank məlumat bazasında yer alan 357 min 883 iştirakçının göstəricilərini analiz edərək acqarına şəkər, insulin səviyyəsi və yeməkdən 2 saat sonrakı qan şəkəri ilə Alzheimer riski arasındakı əlaqəni araşdırıblar.

Ən diqqətçəkən nəticə məhz toxluq şəkəri ilə bağlı olub. Genetik olaraq yeməkdən sonra yüksək qan şəkərinə meyilli şəxslərdə Alzheimer xəstəliyinə tutulma riskinin 69 faiz daha yüksək olduğu müəyyən edilib.

Maraqlıdır ki, bu risk artımı yalnız Alzheimer tipli demensiya üçün keçərli olub. Digər demensiya növləri və ya damar mənşəli demensiya ilə güclü əlaqə aşkarlanmayıb.

Beyni kiçiltmir, amma təsir göstərir

Adətən Alzheimer xəstəliyi yaddaş mərkəzi sayılan hipokampusun kiçilməsi və beyində struktur dəyişiklikləri ilə əlaqələndirilir. Lakin bu araşdırmada yüksək toxluq şəkərinin beyin həcminə, hipokampusa və ya ağ maddəyə birbaşa struktur zərər vermədiyi müəyyən olunub.

Tədqiqatın aparıcı müəllifi Andrev C. Mason və komandası hesab edir ki, yeməkdən sonra şəkərin yüksəlməsi beynin quruluşunu dəyişdirmədən, hələ tam izah olunmayan metabolik və ya hüceyrə səviyyəli mexanizmlər vasitəsilə Alzheimer riskini artırır.

Alimlər ehtiyatlı danışır

Araşdırma toxluq şəkərinin əhəmiyyətini göstərən ciddi siqnal sayılsa da, mütəxəssislər nəticələrin hələ qəti olmadığını bildirir. Eyni analiz başqa məlumat bazasında təkrarlandıqda eyni güclü əlaqə təsdiqlənməyib.

Bu isə risk artımının müəyyən əhali qruplarına xas ola biləcəyini və ya təsadüfi amillərin rol oynaya biləcəyini göstərir. Buna görə də “toxluq şəkəri Alzheimer yaradır” demək üçün hələ tezdir.

Bununla belə, mütəxəssislərin ortaq fikri dəyişmir: qan şəkərinin xüsusilə ani yüksəliş və enişlərini nəzarətdə saxlamaq təkcə diabetdən qorunmaq üçün deyil, uzunmüddətli beyin sağlamlığı üçün də vacib hesab olunur.