Valideyn tükənmişliyi nədir və ondan necə qorunmaq olar?

Valideyn tükənmişliyi adi yorğunluqdan fərqli olaraq uzun müddət davam edən emosional və psixoloji gərginliyin nəticəsidir. Mütəxəssislər bildirirlər ki, bu vəziyyət valideynin övladına sevgisinin azalması deyil, daxili resurslarının tükənməsinin göstəricisidir.

Sherg.az xəbər verir ki, psixoloq İrina Şibayevanın sözlərinə görə, valideyn tükənmişliyinin əsas əlamətləri istirahətdən sonra da keçməyən yorğunluq, uşaqla ünsiyyətdən əvvəlki sevinc hissinin itməsi və emosional uzaqlaşmadır. Belə hallarda valideyn yalnız gündəlik qayğıları yerinə yetirir, lakin emosional baxımdan prosesə qoşulmaqda çətinlik çəkir.

Mütəxəssislər emosional gərginlik artdıqda mübahisəni dayandırmağı, bir qədər dincəlməyi, nəfəs məşqləri etməyi və mümkün olduqda uşağın qayğısını qısa müddətlik başqa bir ailə üzvünə həvalə etməyi tövsiyə edirlər.

Psixoloqlar vurğulayırlar ki, valideynlər uşağa "Səndən bezmişəm" kimi ifadələr işlətməməlidirlər. Əgər əsəbi davranış baş veribsə, böyüklər öz emosiyalarına görə məsuliyyət daşımalı, daha sonra isə sakit şəkildə vəziyyəti uşağa izah etməlidirlər.

Ekspertlərin fikrincə, tükənmişlik hissi uzun müddət davam edir, həyat keyfiyyəti aşağı düşür və təhlükəli düşüncələr yaranırsa, psixoloq və ya psixoterapevtə müraciət etmək vacibdir. Onların qənaətincə, ideal deyil, emosional cəhətdən sağlam və sabit valideyn olmaq uşağın inkişafı üçün daha önəmlidir.