Çin Elmlər Akademiyasının apardığı yeni araşdırmaya görə, insan orqanizmində yaşlanma prosesi sabit deyil və təxminən 50 yaşdan sonra kəskin şəkildə sürətlənir.
Sherg.az xəbər verir ki, alimlər 14-68 yaş arası donorların 13 müxtəlif toxuma və 7 sistem üzərində apardıqları analizlər nəticəsində, xüsusilə damarlar, dalaq və mədəaltı vəz kimi orqanlarda 45-55 yaş aralığında ciddi dəyişikliklərin baş verdiyini müəyyən ediblər.
Araşdırma göstərir ki, bu dövrdə orqanizmdə yaşlanma ilə bağlı zülal dəyişiklikləri artır və bu, ürək-damar xəstəlikləri və qaraciyər problemləri ilə birbaşa əlaqəlidir.
Təcrübələr nəticəsində alimlər yaşlanma ilə əlaqəli bəzi zülalların heyvanlarda fiziki zəifləməyə səbəb olduğunu da təsdiqləyiblər. Mütəxəssislər gələcəkdə bu tapıntıların yaşa bağlı xəstəliklərin müalicəsində yeni imkanlar aça biləcəyini bildirirlər.