Yeni qərar onkoloji xəstələr üçün ümid işığıdır

İctimai və dövlət maraqlarının müdafiəsi

Özəl klinikalar da pulsuz xidmət göstərəcək

Ekspert: “Dövlətin bu addımı xəstələrə həm tibbi, həm psixoloji güc verəcək”

Əhalinin sağlamlığının qorunmasını dövlət siyasətində əsas prioritetlərdən biri kimi qəbul etmiş Azərbaycan səhiyyə sistemində köklü islahatlara yer verir. Ölkə üzrə icbari tibbi sığortanın tətbiqi, tibbi sığorta zərfinə daxil olan xəstəliklərin siyahısının getdikcə artırılması, “E-təbib”, elektron resept, elektron növbə rəqəmsal platformalarının istifadəyə verilməsi vətəndaşların rahatlığını təmin etməklə yanaşı, həkimlərin də iş prosesini asanlaşdırır, səhiyyə xidmətlərinin əlçatanlığını təmin edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bir neçə gün əvvəl imzaladığı sərəncam isə minlərlə insana ümid işığı yandırdı. Bu, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununun təsdiqlənməsidir. Prezidentin təsdiqlədiyi “Onkoloji yardım haqqında” qanuna edilən dəyişikliyə görə bundan sonra onkoloji xəstələrə yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələri ilə bərabər həm də “Lisenziyalar və icazələr haqqında” qanununa uyğun olaraq lisenziya almış özəl tibb müəssisələri tərəfindən həyata keçiriləcək. Onkoloji xəstələrin özəl tibb müəssisələrində müayinəsi və müalicəsi “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq həyata keçiriləcək. Özəl tibb müəssisələrində onkoloji yardım həyata keçirmək üçün xüsusi və ciddi tələblər hazırlanıb. Bunu mediaya açıqlamasında səhiyyə naziri Teymur Musayev bildirib. Nazir qeyd edib ki, ixtisaslaşdırılmış özəl tibb müəssisələri ilə yanaşı, “Lisenziyalar və icazələr haqqında” qanunun tələblərinə əsasən yalnız onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələri xidmət göstərəcək. 

Qeyd edək ki, onkoloji xəstələrə ixtisaslaşmış dövlət tibb müəssisələri ilə yanaşı özəl klinikaların da qanunamüvafiq şəkildə lisenziya aldıqdan sonra xidmət göstərməsiylə bağlı Milli Məclisdə müzakirəyə çıxarılan “Onkoloji yardım haqqında” qanuna dəyişiklik edilməsi təklif olunmuşdu. Mövcud olmuş “Onkoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən onkoloji xidmət yalnız onkoloji xidmət göstərilməsi üçün ixtisaslaşmış dövlət müəssisələri tərəfindən həyata keçirilir. Bu xüsusda, Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Həmçinin, dövlət tərəfindən onkoloji xəstələrin dispanserizasiyası, müayinə, müalicə və reabilitasiyasını həyata keçirən ixtisaslaşdırılmış dövlət tibb müəssisələrinin, onkoloji xidmət strukturlarının yaradılması və onların maddi-texniki bazasının gücləndirilməsinə təminat verilir. Onkoloji xəstələrə müalicə-diaqnostika yardımı fərdi müraciət və ya müalicə-profilaktika müəssisəsinin göndərişi əsasında ixtisaslaşdırılmış onkoloji müəssisələrdə göstərilir. Onkoloji xəstələrin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi üzrə tədbirlər dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir. “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 24-cü maddəsi pasiyentin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək hüququnu təsbit edir. Yəni pasiyent öz iradəsi ilə dövlət və ya özəl tibb müəssisəsində müalicə almaq hüququna malikdir. Lakin “Onkoloji yardım haqqında” qanuna əsasən vətəndaşlar yalnız ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində xidmət ala bilərlər.

Qeyd edilənlərə əsasən hər hansı özəl tibb müəssisəsi bu fəaliyyətlə məşğul olarsa, lisenziyadan kənar fəaliyyət hesab olunur və məsuliyyətə cəlb edilir. Hazırda ölkədə onkoloji yardım alan xəstələrin çoxluğu, təminatın sırf dövlət büdcəsi hesabına həyata keçirilməsi vətəndaşların ölkə xaricinə üz tutmasına səbəb olur. Halbuki, ölkə ərazisində onkoloji yardım xidməti ilə məşğul ola biləcək müasir avadanlıqlarla təchiz edilmiş və ixtisaslı həkimlərin fəaliyyət göstərdiyi özəl tibb müəssisələri mövcuddur. Bu səbəbdən, sözügedən problemin aradan qaldırılması məqsədilə “Lisenziyalar və icazələr haqqında” qanunun tələblərinə əsasən özəl tibb müəssisələri tərəfindən onkoloji yardımın həyata keçirilməsi təklif edilib. Bu isə vətəndaşların öz iradəsinə əsasən istənilən tibb müəssisəsində tibbi xidmət almasına səbəb olmaqla Azərbaycan Respublikasının vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin öz mülahizələrinə əsasən müstəqil surətdə öz müalicə həkimlərini seçmək və müvafiq tibb müəssisəsində müalicə almaq hüququnu təmin edir. Qanun layihəsi Milli Məclisdə səsverməyə çıxarılaraq qəbul edildikdən sonra Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamla təsdiq edilib. 

Həkim-terapevt Şahvələd Məmmədov “Şərq”ə açıqlamasında qanunlara edilən dəyişikliyin mütərəqqi xarakter daşıdığını bildirdi: 

- Belə bir sərəncamın imzalanması onkoloji xəstələr üçün böyük bir ümid, inam işığıdır. Onkoloji xəstəliklər bilirsiz ki, ən ağır xəstəliklərdən sayılır. Çox ciddi, müayinə və müalicəsi böyük vəsait tələb edən xəstəlikdir. Cənab Prezidentin qeyd olunan qanunlara dəyişikliyi təsdiqləməsi ilə təkcə ixtisaslaşmış tibb müəssisələri deyil, özəl klinikalar da onkoloji xəstələrə xidmət göstərə biləcək. Təbii ki, bunun üçün özəl klinikaların əvvəlcə lisenziya alması gərəkdir. Özəl klinikalar onkoloji xəstələri qəbul edə bilmək üçün əvvəlcə lisenziya almalıdırlar. Onlara səlahiyyət verilməlidir ki, onkoloji xəstələri qəbul etsinlər, xidmət göstərsinlər. Lisenziya almaq üçün də gərək həmin tibb müəssisəsi tələblərə cavab versin. Müayinə üçün lazımi aparatlar, avadanlıq, onkoloq həkimlər, ixtisaslaşmış cərrahlar, bu sahəni bilən mütəxəssislər olmalıdır. Əsas üstünlüklərdən biri də budur ki, yerli poliklinikalar pasiyentləri göndərişlə özəl klinikalara yönləndirə biləcək. Və onkoloji xəstələrə ödənişsiz xidmət göstəriləcək. Biz əvvəllər də təklif edirdik ki, onkoloji xəstəliklər icbari tibbi sığorta paketinə daxil edilsin. Bu təkliflər mütəxəssislər, həkimlər, parlamentin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov tərəfindən bir neçə dəfə səsləndirilib. Onkoloji xəstələrin müalicə dərmanları da çox bahadır. Yaxşı olar ki, dövlətimiz bu ehtiyacları qarşılasın. Onkoloji xəstəliklərin psixi təsiri də ciddi olur insanlara. Amma dövlətin onlara yardım edəcəyini bilmək, bunun şahidi olmaq insanlarımıza ruh yüksəkliyi verər, xəstəliklə mübarizədə onlara dəstək olar.