“...Növbəti gedişləri Azərbaycan ordusu etməli olacaq” – Politoloq


“Paşinyan gah nala, gah da mıxa vurur”.

Bunu “Sherg.az”a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib. 

Analitik bildirib ki, Nikol Paşinyan hakimiyyətə gəldiyi vaxtdan etibarən Dağlıq Qarabağ münaqişəsi barədə vahid strategiya həyata keçirməyə çalışır: 

“Paşinyan Ermənistan dövlətini münaqişə ətrafında gedən proseslərdən uzaq tutmaq istəyir. Çünki, çox yaxşı dərk edir ki, münaqişə davam etdikcə və Ermənistan tərəf kimi bu proseslərin içərisində mövcud olduqca onun iqtidarı zəifləməyə doğru gedəcək. Bu münaqişənin Ermənistan dövləti və xalqına bəlalar gətirdiyi sirr deyil. Əhalinin sayının artması, sosial-iqtisadi gerilik, müstəqilliyin məhdudlaşması, qonşularla gərgin münasibətlər və s. Bütün bu problemlərin kökündəki fundamental səbəb Qarabağ problemidir. Beləliklə, Paşinyan öz ölkəsini bu uğursuzluq sindromundan çıxarmağı qarşısına məqsəd kimi qoyub.

Amma bunu açıq şəkildə etiraf edə və nəyisə dəyişə bilmir. Çünki daxildə ona qarşı formalaşacaq güclü müxalfətdən çəkinir. Buna görə də gah nala, gah da mıxa vurur. Gah deyir, Dağlıq Qarabağdakı qondarma rejim danışıqlar prosesində tərəf kimi iştirak etməlidir, gah da təyin etdiyi müdafiə naziri sərsəm bəyanatlarla yadda qalır”. 

Siyasi şərhçinin sözlərinə görə, düşmən ölkənin rəhbərliyi ziddiyyətlər burulğanında çabalayır: 

“Hər bir halda situasiya bizim xeyirimizə inkişaf edir. Elə mərhələdəyik ki, hətta erməni lobbisinin ən güclü təşkilatlandığı Fransa kimi ölkənin məhkəməsi də bizim xeyirimizə qərar çıxarır. Əminliklə deyirəm, bu gün Paşinyanın yuxularını qarışdıran, onu dincəlməyə qoymayan bir nömrəli problem Dağlıq Qarabağ münaqişəsini hansısa formada tənzimləmək, ya da Ermənistanı bu problemdən birdəfəlik xilas etməkdir. Paşinyan əgər sülh yolu ilə problemin həllində maraqlıdırsa, top Ermənistanın meydanındadır. Üzərinə düşən beynəlxalq hüquqi öhdəlikləri yerinə yetirərək Azərbaycanın işğal olunmuş ərazilərindən erməni yaraqlılarını çıxartsın. Məsələ bu qədər bəsitdir. Yox əgər əvvəlki iqtidarların taleyini yaşamaq istəyirsə, o zaman növbəti gedişləri Azərbaycan ordusu etməli olacaq. Ermənistandakı inqilabi proseslərin başlanğıcını məhz Aprel döyüşləri qoyub”.