Ağsaqqal deputatların müzakirə açması yersizdir: Yaşı 70-i keçənlər istefa ərizələrini yazmalıdırlar

"Kimin qalıb, kimin gedəcəyini ölkə rəhbərinin özü müəyyən edəcək" 



Son günlər həyata keçirilən kadr islahatları, xüsusən yaşlı dövlət məmurlarının gənclərlə əvəzlənməsi ölkə mediasında geniş müzakirə olunmaqdadır. Ümumiyyətlə, kadr dəyişiklikləri zamanın tələbidir və bütün dünyada tətbiq edilən proqressiv yanaşmadır. Bu baxımdan Azərbaycanda da kadr islahatları tətbiq edilməkdədir. Yuxarı hakimiyyət orqanlarında baş verən kadr dəyişiklikləri ölkəmizdə gedən islahatçılıq prosesinin tərkib hissəsidir. Reallıq odur ki, dövlətçiliyin inkişafının müəyyən dövrlərində köhnə kadrların yenisi ilə əvəzlənməsinə ehtiyac yaranır. Çünki gənc kadrlar daha dinamik olur və islahatların operativliyinə müsbət təsir göstərirlər.

Prezidentin yaşlı kadrlarla bağlı istefa çağırışına müsbət reaksiya verənlər olsa da, hələlik susmağı üstün görənlər də var. Bəzi ağsaqqal deputatlar özlərini kifayət qədər gənc və dinamik hesab edirlər. Hətta gələn dəfə keçirilən seçkiyə qatılacaqlarını da istisna etmirlər. Qanunvericilik baxımından deputatlığa namizədliyin yuxarı yaş həddi müəyyən edilməyi üçün məsələ bir növ vicdan məsələsinə çevrilib. Həm də parlament seçkili orqandır və ona görə də heç kimə namizədliklə bağlı məhdudiyyət qoyula bilməz. Amma o da bir həqiqətdir ki, Milli Məclis mütləq yenilənməli və gəncləşməlidir. 



Sosial şəbəkələrdə günlərdir müzakirə olunan məsələni “Şərq”ə dəyərləndirən siyasi ekspert Azər Həsrət deyib ki, qanuni baxımdan parlamentdə yaş məsələsini qaldırmaq mümkün deyil.

Onun sözlərinə görə, konstitusiyaya edilən son dəyişiklikdən sonra 18 yaşdan yuxarı iş qabiliyyəti normal olan istənilən şəxs, hətta ali təhsili olmayan adam Milli Məclisin üzvü seçilə bilər: “Mütləq şəkildə heç kimə demək olmaz ki, “sən parlamentdən istefa verməlisən”. Amma nəzərə alaq ki, Milli Məclis üzvlərinin böyük əksəriyyəti Yeni Azərbaycan Partiyasını təmsil edir. Cənab Prezident YAP-ın sədridir və faktiki olaraq həmin siyasi komandanın lideridir. Dövlət başçısı istəyir ki, ölkədə daha çevik, dinamik bir komanda formalaşdırsın. Burada ilk növbədə hakimiyyət komandasından söhbət gedir ki, həyata keçirilən islahatlar çevik şəkildə reallaşdırıla bilsin. Məhz bu baxımdan Prezident çağırış edir və dövlət qarşısında xüsusi xidməti olan yaşlı insanlara nəzakətli şəkildə getmək zamanının gəldiyini xatırladır. Fikir verirsizsə, cənab Prezident onları özü işdən azad etmir. Sadəcə, ismarıc göndərir ki, artıq “zamanınız keçib”. İslahatların ləngidilməməsi üçün yolu açmaq lazımdır. Düşünürəm ki, daim cənab Prezidentə sədaqətini ifadə edən, siyasi kursu dəstəkləyən dövlət adamları və deputatlar bu çağırışa müsbət reaksiya verməlidirlər. Hakimiyyətin ayrı-ayrı strukturlarında təmsil olunan, yaşı 70-i keçmiş insanların hamısı birmənalı şəkildə öz istefa ərizələrini yazmalı idilər. Əlbəttə ki, ölkə rəhbəri onların arasından kimin qalıb, kimin gedəcəyini özü müəyyən edəcəkdi”. 

Analitik YAP-ın bəzi deputatlarının yeni müzakirə mövzusu açmasını təəssüflə qeyd edib:

“Əslində bu cür hərəkətləri ilə bir növ dövlət rəhbərliyinə sayğısızlıq etmiş oldular. Yaşlı millət vəkilləri heç bir müzakirə açmamalı idilər. Sadəcə susmalı, yaxud da ki, başqa bir formada özlərini ifadə etməliydilər. Məsələn, deməliydilər ki, “bəli, bizdə istefa verməyə hazırıq, amma parlament seçkili orqan olduğuna və müddətin bitməsinə az qaldığına görə, hələlik istefa vermək yerinə düşməz. Ancaq biz cənab Prezidentin çağırışını dəstəkləyirik”. Deputatlar bunu etmədi. Biri yaxşı qaçdığını, digəri yaxşı üzdüyünü, o birisi isə yaxşı tullandığını iddia etdi. Başa düşmürəm, parlament üzvünün qaçmasının, üzməsinin və ya tullanmasının mətləbə nə dəxli var. Sən siyasi liderinin çağırışını müzakirə etməməlisən! Çağırışı qəbul edərək ona uyğun davranmalısan. Əfsuslar olsun ki, çoxları hələ də susur. Baş nazirin müavini Yaqub Eyyubovun açıqlamasını oxudum. Dövlətə xidmət etmisən, buna görə çox sağ ol, amma artıq yaşlanmısan. Getməyin də bir zamanı var.

Üstəlik, cənab Prezident komandanı yeniləyib gənclərlə əvəzləmək istəyirsə, yapışıb qalmamalısınız? Gedin, istefa verməkdən çəkinməyin. Xarici işlər nazirinin müavini Hafiz Paşayevin istefa xəbəri yayıldı. Əslində H.Paşayev istefa verməsi gərəkən ən son şəxsdir. Çünki o yenilikçidir, dünyagörüşü çoxdur. Uzun müddət ABŞ kimi ölkədə Azərbaycanı layiqli təmsil edib. Üstəlik, Hafiz Paşayevin qurduğu ADA təhsil ocağı dünyada tanınmış universistetlərdəndir. Yəni islahatların ruhuna uyğun adamdır. Amma yüksək dövlət əxlaqı və nəzakəti nümayiş etdirərək cənab Prezidentin çağırışına səs verdi. Bu gün istefa verməmək üçün dirəniş göstərənlərin 99 faizi H.Paşayevin əlinə su tökməyə yarayan adamlar deyil. Əgər müəyyən şəxslər istefa verməkdən imtina etsələr, Prezident onları şəxsən uzaqlaşdırmalı olacaq. Bununla da kimin əməldə sadiq olub-olmadığı üzə çıxacaq. Bu, bir sınaqdır və kimlərin imtahandan qaldığını zaman göstərəcək”.