Gürcüstan parlamentində seçki qanunvericiliyinə düzəlişlə bağlı səsvermə baş tutub. Səsvermədə düzəlişin gerçəkləşdirilməsi üçün nəzərdə tutulan 113 səsdən cəmi 101-ni toplamaq mümkün olub. Xüsusilə, “Gürcü Arzusu” Partiyasının deputatlarının bir qismi səsvermədə iştirakdan imtina edib, bəziləri isə qanun layihəsinin əleyhinə səs veriblər. Qanun dəyişikliyinə etiraz edən ölkə müxalifəti Tiflisdə parlament binasının qarşısında genişmiqyaslı aksiyalara başlayıblar. Nəticədə polis əməkdaşları ilə aksiya iştirakçıları arasında qarşıdurma yaranıb. Aksiyada eks-prezident Georgi Marqvelaşvili və Təhlükəsizlik Şurasının keçmiş rəhbəri David Rakviaşvili də iştirak edib.
Aksiyaçılar növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı tələbləri yerinə yetirilməyənə qədər ərazini tərk etməyəcəklərini bildiriblər. Etirazlar təkcə Tiflisdə yox, Batumi, Kutaisi və Zuqdidi kimi şəhərlərdə də keçirilib. Müxalifət qərara gəlib ki, noyabrın 17-də böyük toplantı keçirərək “Gürcü Arzusu” koalisiyasını hakimiyyətdən uzaqlaşdırsın.
Məlumata görə, hakim partiyanın 8 deputatı koalisiyanı tərk edərək etirazçıların tərəfinə keçiblər. Qeyri-hökumət təşkilatları və sıravi vətəndaşlar da müxalifətin etirazına qoşulub. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili birləşmiş müxalifətin etirazlarını dəstəkləyib. O, Gürcüstanı xilas etməyin vaxtının yetişdiyini deyib: “Biz öz ambisiyalarımızı kənara qoyub dövlətçiliyimizi, müstəqilliyimizi və Gürcüstan xalqını müdafiə etməliyik”.
Politoloq hesab edir ki, Qərb ciddi dəstək verərsə, hakimiyyət istefaya gedəcək
Qonşu ölkədə yenidən vüsət alan etiraz aksiyaları ilə bağlı “Şərq”ə danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Gürcüstan hakimiyyətinin Rusiya ilə yaxınlaşmaq siyasəti və ölkədə demokratik sistemdə geriləmələr oturuşmuş Qərb dəyərlərini təhlükəyə atır.
Analitik hesab edir ki, “Gürcü Arzusu”na qarşı olan etirazlar kortəbii deyil, siyasilərin sistemli iştirakı ilə baş verirsə, deməli, burada müəyyən dairələrin əli və planı var: “Məsələ ondadır ki, müxalifət birləşərsə və xaricdən dəstək alarsa, hakimiyyəti dəyişə bilərlər. Eks-prezident Merqaşvilinin etiraza qoşulması prosesin ciddiliyindən xəbər verir. Ümumiyyətlə, Bidzina İvanaşviliyə qarşı yaranmış koalisiya ölkədə etirazları vahid mərkəzdən idarə edə bilər”.
Ekspertin fikrincə, İvanaşvilinin kölgəsində olan sistemə qarşı etirazlar yeni mərhələyə keçə bilər: “Hesab edirəm ki, Qərb ciddi dəstək verərsə və etirazlar spontan olarsa, hakimiyyət özü istefaya gedər. Düzü, hələlik bu mümkün görünmür. Ancaq reallıq odur ki, növbəti seçkilərdə “Gürcü Arzusu” səs toplamayacaq”.