Mütəxəssislər hesab edirlər ki, bu saxta xəritə ilə düşməni ifşa etmək mümkündür
Fransada yaşayan erməni diasporunun fəal üzvlərindən olan Lala Hakobyan Ermənistanın “əsl tarixi xəritə”sini yaymaqla məşğuldur. Hər zaman “böyük Ermənistan” xülyası ilə otutub-duran ermənilər bu dəfə sadəcə “Qara dənizlə Xəzər dənizi arası torpaqlarla” kifayətlənməyiblər. Ermənilər Aralıq dənizinə enərək Kipr adasını da “mənimsəyiblər”. Ermənişünas-tarixçi İsmayıl Tanrıverdi sosial şəbəkədə faktlarla Hakobyana layiqli cavabını verib. Alim ermənilərin özlərinin belə bu cür absurd xəritəyə etiraz etdiklərini bildirib:
“Maraqlıdır ki, bu xəritənin dərc olunduğu saytda 141 nəfər erməninin əksəriyyəti şərh yazaraq, öz narazılıqlarını ifadə ediblər. Ermənilər “Ara, bəs Kipr bizim olmayıb axı, onu niyə salmısınız?”, “Axı, mənim bildiyimə görə, bizim torpaqlarımız dənizdən dənizə olub, bəs 3-cü dəniz hardan çıxdı?”, “Avstraliyanı da xəritəyə salsanız, lap əla olardı”, “Əgər bu qədim xəritədirsə, rusca niyə yazılıb?” kimi sözlərlə şovinistlərin bu dəfə əndazəni aşdıqlarını etiraf ediblər. Tarixçi əlavə edib ki, əslində sözügedən xəritənin yayılması bizim xeyrimizədir. Bu saxta xəritələri bütün dünyaya yayaraq, erməniləri ifşa etmək mümkündür.
Yayılmış xəritə ilə bağlı fikirlərini “Şərq”ə bölüşən siyasi ekspert Anar İmanov deyib ki, erməni həyasızlığı iki faktorla bağlıdır. Analitikin sözlərinə görə, birinci faktor odur ki, beyinləri yuyulmuş və ruhi xəstə halında olan ermənilər vasitəsi ilə yalan məlumatlar tirajlanır. Erməniləri bu hala gətirən isə güclü təbliğatdır. İkinci faktor isə odur ki, bununla məşğul olanlar peşəkar yalançılardır və bu fəaliyyət onlara çoxlu pul gətirir:
“Bunlar çox təhlükəlidirlər və eyni zamanda bədbəxtdirlər. Təhlükəlidirlər, çünki illərlə yalan danışırlar və torlarına bəzən normal insanları da sala bilirlər. Bədbəxtdirlər, ona görə ki, bunların yalanları heç vaxt gerçək olmayacaq. Heç vaxt tam olaraq istədiklərinə nail olmayacaqlar. Maraqlıdır ki, bir çox insan bu həyasızlığın nə qədər təhlükəli olduğunu anlamır. Yadımdadır, Türkiyədə yaşayanda gürcülərlə söhbət edirdim. O vaxt mən onlara dedim ki, ermənilər tək Azərbaycan torpaqlarına yox, bütün qonşuların torpaqlarına göz qoyacaqlar, həmçinin Gürcüstan torpaqlarına. Ancaq mənə inanmırdılar. Müəyyən müddət keçdikdən sonra ermənilər Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsinə göz qoydular. Bir az sonra Türkiyənin torpaqlarına göz dikdilər. Bu, çox təhlükəli haldır. Ancaq ermənilərin ortaya atdığı uydurma xəritədən ermənilər əleyhinə, onları ifşa etmək üçün istifadə etmək mümkündür. Həm də bunu etmək vacibdir. Çünki susduqca, nəyəsə nail ola bilməyəcəyik. Əksinə, əldə etdiklərimizi də itirmək təhlükəsi ilə üz-üzə qala bilərik”.