Radikalların işbazlığı ifşa olunur: "Siyasi mühacir" saxtakarlığı ağır cinayətdir

“Siyasi mühacir alveri edən hər hansı partiya öz xalqının vətəndaşına ən böyük pisliyi edir”. Bunu Sherg.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib. 

Partiya təmsilçisi vurğulayıb ki, vətəndaşların xaricə miqrasiyası normal haldır. Ancaq xaricdə işləyib, yaşamaq üçün potensialı olmayan insanlar bəzi işbazların toruna düşürlər: 

“İzbazlar həmin şəxslərə çıxış yolu kimi “siyasi mühacir” adı ilə miqrasiya etmələrini təklif edirlər. Hansı yolla olur-olsun xaricə getmək istəyənlər əllərində olan əmlakları satıb pula çevirir və bir hissəsini işbazlara verirlər. Nəticədə onları “partiya üzvü” və ya “jurnalist” kimi Almaniyada yerləşdirilirlər. Lakin əksər hallarda gec-tez ifşa olunurlar. Ona görə də bu işlə məşğul olanlar daha inandırıcı olmaq üçün qanunsuz aksiyalarda polislə əlbəyaxa şəkillərin çəkilməsini və hətta qısa müddətə də olsa həbsdə yatmağı “məsləhət” görürlər. Məlumatlardan aydın olur ki, işbazların başında Müsavat Partiyası durur. Ümumiyyətlə hesab edirəm ki, bu işlə müxalifətin radikal qanadı məşğul olur, təkcə Müsavat Partiyası yox. Biabırçılıq ifşa edildikdən sonra Müsavat rəhbərliyinin komissiya yaratması, təkzibedici bəyanatlar verməsi həm istehza doğurur, həm də onlara qarşı qəzəb formalaşdırır”. 



Politoloq: "Biabırçılıq ifşa edildikdən sonra Müsavat rəhbərliyinin komissiya yaratması, təkzibedici bəyanatlar verməsi istehza doğurur"


A.Qasımovun sözlərinə görə, bu insanlar əvvəla Müsavat adının belə kirli işlərdə hallanması ilə AXC qurucularının ruhunu təhqir edir, həm də savadsız vətəndaşı aldatmaqla cinayət törədirlər: 

“Siyasi mühacir alverinin vətəndaşlara hansı zərərləri vura biləcəyini dəfələrlə yazmışdıq, başa salmışdıq. Demişdik ki, belə partiyalardan kənar durun. Hətta bu prosesin mexanizmini qeyd etmişdik ki, vətəndaş buna aldanmasın. Amma görünən odur ki, bu "siyasi mühacir" dəllalları özlərinə böyük dələduz zənciri qurublar. Ona görə də insanları aldatmağı bacarırlar. Bir daha Müsavat adını kirlədən bu insanları qınayır və layiqli cəzalarını almalarını tələb edirik. Vətəndaşlara isə hər xırda çətinliyə görə öz Vətənindən getmək fikrinə düşməyi yox, Vətəninin daha da çiçəklənməsi üçün çıxış yolları axtarmasını tövsiyyə edirik”.