Donbas müzakirəsi nəticəsiz qalıb – AKTUAL

 Elxan Şahinoğlu: “Zelenskiy haqlıdır. Donbasın xüsusi statusu Konstitusiyada təsbit olunsa, Ukraynanın başqa bölgələri də eyni yola baş vuracaqlar”

“Məsələn, Ukraynada yaşayan macarlar və rumınlar da xüsusi status tələb edə bilərlər”

“Gözlənildiyi kimi, Donbass böhranının həll ilə məşğul olan “Normand formatı” çərçivəsində – Fransa, Almaniya, Ukrayna və Rusiya liderlərinin Parisdəki görüşündə ciddi nəticə əldə olunmadı. Tərəflər münaqişənin hansı şəkildə həll olunması ətrafında razılaşmadılar. Donbasa xüsusi statusun verilməsi məsələsində ümumi razılıq var. Ancaq Ukrayna bu statusu bir, Rusiya isə tamamilə fərqli şəkildə görür”.

Bu barədə “Sherg.az”a “Atlas” Araşdırmalar Mərkəzi rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.



Ekspertin sözlərinə görə, görüşdən sonra keçirilən birgə mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin dedi ki, Donbasın xüsusi statusu Ukrayna Konstitusuyasında təsbit olunmalıdır. Ukrayna prezidenti Vladimir Zelenskiy isə bildirdi ki, Konstitusiyanın dəyişdirilməsinə və Ukraynanın federallaşmasına yol verilməyəcək. Zelenskiy haqlıdır:

"Donbasın xüsusi statusu Konstitusiyada təsbit olunsa, Ukraynanın başqa bölgələri də eyni yola baş vuracaqlar. Məsələn, Ukraynada yaşayan macarlar və rumınlar da xüsusi status tələb edə bilərlər. Onsuz da Rusiyada bəlli siyasi mərkəzlər Ukraynada yaşayan digər azsaylı xalqları da separatçılığa başlamağa qızışdırırlar”.

E.Şahinoğlu diqqətə çatdırıb ki, Paris görüşündə yeganə irəriləyiş kimi atəşkəsin qorunması vacibliyi göstərildi. Ancaq tərəflər təmas xəttinin sadəcə 3 məntəqəsindən geri çəkilmə məsələsini razılaşdırıblar:

“Bu məntəqələr barədə konkret məlumat yoxdur. Digər tərəfdən silahlı qüvvələrin bütün təmas xəttindən geri çəkilməsi məsələsi razılaşdırılmayıb. Kiyev əvvəlkitək haqlı olaraq tələb edir ki, Donbas üzərindən Ukrayna-Rusiya sərhəddinə nəzarət etmək istəyir. Rusiya buna qarşıdır və bu məsələni münaqişənin həllinin sonrakı mərhələsində mümkün sayır. Donbasda yerli seçkilərin nə vaxt keçiriləcəyi də Parisdə müəyyənləşmədi. Zelenskiy yerli seçkilərin mütləq Ukrayna qanunlarl əsasında keçirilməsini tələb edir. Seperatçılar bunun əleyhinədirlər. Buna baxmayaraq, o da aydındır ki, Ukraynanın prezidenti müharibə istəmir. Kiyevlə Moskvanın bir başqa razılaşması girovların dəyişdirilməsinin davam etdirilməsiylə bağlıdır. Beləliklə, Parisdə münaqişənin həllinin konseptual məsələləri deyil, bəzi detalları razılaşdırıldı. Fransa və Almaniya vasitəçidirlər. Paris və Berlin anlayır ki, münaqişəni yaxın illərdə həll etmək çətin olacaq.

Dağlıq Qarabağ münaqişəsinin həllində olduğu kimi böyük dövlətləri münaqişənin həlli yox, atəşkəsin qorunması və müharibə ehtimalının azaldılması maraqlandırır. Və yenə də Dağlıq Qarabağ münaqişəsinin həllində olduğu kimi Ukraynada da bu cür vəziyyət separatçıların maraqlarına uyğundur. Rəsmi Kiyev isə Ukraynanın ərazi bütövlüyünü təmin etmək istəyir. Beləcə Donbas problemi Dağlıq Qarabağ probleminə oxşamağa başlayıb”.