Turan Rzayev:“ Əgər ciddi önəm kəsb etsəydi, həmin qüvvələrin hakimiyyətdən getməsinə imkan verilməzdi”
“Ermənistandakı “Qarabağ klanı” bu gün Rusiya üçün elə də vacib deyil”.
Bunu “Sherg.az”a açıqlamasında politoloq Turan Rzayev deyib.
Ekspert bildirib ki, siyasi fiqurların zamanla başqaları ilə əvəz olunmasında qeyri-adi bir şey yoxdur:
“Ölkələrarası münasibətləri birbaşa siyasi şəxslərlə bağlamaq, hansısa siyasətçinin həbsinin ikili əlaqələrə zərbə vurcağını iddia etmək sadəlövhlük olardı. “Qarabağ klanı” Moskva üçün önəmsizdir. Əgər ciddi önəm kəsb etsəydi, həmin qüvvələrin hakimiyyətdən getməsinə imkan verilməzdi. Görünən odur ki, Rusiya indiki erməni hökuməti ilə normal münasibətdədir. Ümumiyyətlə, Ermənistan-Rusiya əlaqələrinin korlanması yalnız bir halda mümkündür. Bu da İrəvan hökumətinin yönünü tamamilə Qərbə, ABŞ-a çevirməsi nəticəsində ola bilər. Ermənistanın qərbyönlü siyasət həyata keçirməsi açıq şəkildə Rusiyadan üz döndərməsi deməkdir. Ancaq hazırda bunu müşahidə etmirik”.
Siyasi şərhçinin fikrincə, “Qarabağ klanı”nın Ermənistan siyasətində ciddi təsiri yoxdur:
“MDB məkanında nadir hallarda hakimiyyətdən geden bir siyasi komanda yeniden hakimiyyətə qayıdır. Bu tendensiya “Qarabağ klanı” üçün də keçərlidir”.
Qeyd edək ki, Ermənistanın eks-prezidenti Robert Koçaryana qarşı cinayət işi açılıb. Eyni zamanda Serj Sarkisyan da aprel döyüşlərinə görə dindirilir. Rusiyanın “Kommersant” qəzeti cinayət işini Rusiya-Ermənistan münasibətlərində əsas qıcıqlandırıcı məqam hesab edib. Qəzet yazıb ki, Robert Koçaryana münasibətdə açılan iş Ermənistanın daxili işi deyil: “Moskva Rusiya Prezidenti Vladimir Putinlə dostluq münasibətləri olan Köçəryanla bağlı prosesi diqqətlə izləyir”. Nəşr bildirib ki, Rusiya tərəfi Koçaryana qarşı prosesi siyasi hesab edir və bununla bağlı mövqeyin Ermənistan hökumətinə dəfələrlə çatdırıldığını deyir. Yaxın gələcəkdə Koçaryan məsələsinin həll edilməyəcəyi təqdirdə bunun Rusiya-Ermənistan ikitərəfli münasibətlərində aktual məsələyə çevriləcəyi vurğulanır.