Cümşüd Nuriyev:“Üzərinə böyük öhdəlik qoyulmuş bir gənc öz məsuliyyətinin fərqində olmalı, qətiyyən eyforiyaya qapılmamalıdır. Onlar özlərini əvəzolunmaz hesab etməməlidir”
“Neftçalaya təyin olunmuş yeni icra başçısı ilk xəbərdarlığını aldı. Prezident çox ustalıqla müdaxilə etdi və gəncə iradını bildirdi”.
Bunu “Sherg.az”a açıqlamasında siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib.
Professor bildirib ki, vəzifəyə təyin edilmiş gənc icra başçıları bilməlidirlər ki, onlar daim rəhbərliyin nəzarətində olacaq:
“Prezidentin Neftçalanın keçmiş icra başçısının biabırçı hərəkətləri ilə bağlı dediklərinə münasibət bildirmək istərdim. Əfsuslar olsun ki, Neftçalada müşahidə olunan arzuolunmaz hadisələr başqa rayonlarımızda da var. Əgər həbs olunan keçmiş icra başçısı bir müddət əvvəl Ağstafada baş vermiş olaydan, yəni rüşvət alış-verişinin video-faktlarla sübutundan sonra yenidən iş otağında açıq formada korrupsiya ilə məşğul olursa, bu, artıq harınlıqdan da o tərəfədir, dövləti saymazlıqdır. Ümumən, gənclərin vəzifələrə gətirilməsi yaxşı haldır. Amma üzərinə böyük öhdəlik qoyulmuş bir gənc öz məsuliyyətinin fərqində olmalı, qətiyyən eyforiyaya qapılmamalıdır. Onlar özlərini əvəzolunmaz hesab etməməlidir. Ən əsası isə Prezident tərəfindən göstərilən etimadı doğrultmalıdırlar. Ələlxüsus, kənd rayonlarına təyin olunmuş icra başçıları kənd təsərrüfatını yaxşı bilməli, öz maraqlarını güdən iş adamlarının təsiri altına düşməməlidir”.
C.Nuriyevin sözlərinə görə, bəzən gənc icra başçıları ətrafına ucdantutma özü kimi gəncləri yığır və nəinki yaşlı kadrları, hətta orta yaşlı mütəxəssisləri belə ciddi vəzifələrdən uzaqlaşdırır:
“Buna qətiyyən yol vermək olmaz. İcra hakimiyyətləri ciddi idarəetmə strukturudur. İdarəetmədə spesifik sahələrdə təcrübəli kadrların olması mütləqdir. Ona görə də cavan icra başçılarının birinci müavini təcrübəli və rayonu yaxşı tanıyan şəxslər olmalıdır. Başına qeyri-mütəxəssisləri yığan gənc faydalı iş görə bilməz. Yaxşı olar ki, gənclərin yanında Yeni Azərbaycan Partiyasını təmsil edən təcrübəli və orta yaşlı kadrlar da rayonlara göndərilsin. İnanın, məndən çox gənclərin qabağa getməsini istəyən yoxdur. Lakin gənc icra başçılarının yanında mütləq müəllim də olmalıdır”.