“Radikal müxalifətin iqtidarın uzatdığı əldən imtinası doğru deyil”.
Bunu APA-ya açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
T. Kərimli bildirib ki, bu bayramda iki cəhət üzücüdür:
“Birincisi, koronavirus pandemiyası, ikincisi isə bəzi müxalifət rəhbərlərinin iqtidarla dialoqdan qaçmasıdır. Koronavirusla ölkə rəhbərliyinin təşkilati gücü ilə mübarizə aparılır. Təəssüf ki, cəmiyyətdə laqeydlik təhlükəli həddə çoxdur. Lakin Əli Kərimli başda olmaqla radikal müxalifətin iqtidarın uzatdığı əldən imtinası doğru deyil:
1.Müxalifətin hakimiyyətə gəlmə şansı yoxdur. Hakimiyyət də onlara könüllü verilən deyil.
2.Müxalifətin hətta hakimiyyətə gəlmə imkanı olsa belə, ölkədə təhlükəsizliyi təmin etmək iqtidarı yoxdur.
3.Son illər fərqli ideoloji platforma sərgiləmək vərdişləri itib. Radikal müxalifətin keçmişdə iqtidara loyal olması yaddaşlardan silinməyib(yəni, kimsə müqəddəs və pak olmaq iddiasına düşməməlidir).
4.Müxalifət sıralarında minlərlə mütəxəssislər və insanlar vətən və ailələri üçün çalışmaq şansından məhrum olublar. Dialoqdan imtina bu status-kvonu saxlayır. Halbuki dialoq nəticəsində onların hakimiyyətin qollarında təmsil olunmaq, hətta hökumət strukturlarında işləmək imkanları yarana bilərdi. Etiraf edək ki, insanlar əbədi müxalifətçilikdən yorulublar, işləyib fayda vermək, fayda götürmək istəyindədirlər.
5. Nəhayət ölkəmizdə bir sıra köklü problemlərin gəlincə iqtidar və müxalifət arasında olan mövcud ziddiyyətlərin antaqonist xarakteri mane olur. Dialoq mühiti bu halı yumşaldardı. Xüsusilə hazırkı vəziyyətdə iqtidarın müxalifəti dinləməyə (qiyabi söz atışması deyil, istəyini birbaşa ünvana çatdırmalı), hətta onları yüksək kürsülərə təyin etməyə başladığı tarixi dönəmdə buna nail oluna bilərdi”.
Millət vəkili qeyd edib ki, heç bir subyektiv istəyi yoxdur:
“Sadəcə olaraq, qurduğumuz bu müstəqil dövlətin daha çox demokratikləşməsi, korrupsiya və inhisarçılıqdan azad olması, xalqım rifah halının daha da yaxşılaşdırılması üçün şanslar yaradılması, islahatların öz əsl mahiyyət hədəflərinə çatması üçüm məsuliyyət hissimizi dərk etməliyik. Yoxsa tarix bu şansa mane olanları qınayacaqdır. Biz kimsəni bizə oxşamağa deyil, içindəki özünə oxşamağa dəvət edirik”.