Avropa Parlamentinin deputatı: "Aİ Dağlıq Qarabağdakı qondarma seçkiləri tanımır"


"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və ədalətli həllini tam dəstəkləyirik.

APA-nın xəbərinə görə, bunu Avropa Parlamentinin deputatı, Avropa Parlamenti-Azərbaycan Dostluq Qrupunun sədri Andris Ameriks Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"ə münasibət bildirərkən deyib.

"Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağda keçirilən qondarma "prezident və parlament seçkiləri"ni tanımır, çünki o, müstəqil dövlət deyil.

Aİ-nin 2020-ci ilin yanvar ayında qəbul edilmiş Ümumi Xarici və Təhlükəsizlik Siyasəti ilə bağlı hesabatında Avropa Parlamentinin rəsmi mövqeyi açıq şəkildə ifadə olunur. Bu hesabat bütün Şərq Tərəfdaşlığı ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini dəstəkləmək öhdəliyini bir daha ifadə edir. Bu, aydındır ki, Azərbaycana da aiddir. Biz Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında sülh yolu ilə və ədalətli həllini tam dəstəkləyirik. Bu kontekstdə ATƏT-in Minsk Qrupunun gələcək, əsaslı və nəticəyə yönəlmiş səylərini son dərəcə vacib hesab edirik", - Dostluq Qrupunun sədri bildirib.