“İndi fikir mübadiləsi aparılacaq və birgə çıxış yolu tapılacaq”
2020-ci ilin 4 may tarixində Azərbaycan Prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda onlayn formatda Zirvə görüşü keçirilib. Görüşə COVID-19-a cavab olaraq Qoşulmama Hərəkatının Təmas Qrupu qatılıb. Məqsəd isə COVID-19 pandemiyasının misli görünməmiş təsirləri ilə mübarizədə qlobal səylərə səmərəli töhfə verməkdir. Videokonfransda birgə bəyannəmə qəbul olunub.
Qeyd edək ki, koronavirusla birgə mübarizə məqsədilə keçirilən Zirvə görüşü həm də dünya dövlətləri arasında kommunikasiya yaradıb, körpü rolunu oynayıb.
Videokonfrans barədə “Sherg.az”a danışan politoloq İlqar Vəlizadə bu görüşün bütün iştirakçı dövlətlər üçün müstəsna rol oynadığını deyib:
“Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən videokonfrans, əlbəttə, xüsusi əhəmiyyətə malikdir. Düzdür, indiki dövrdə bütün dünya dövlətləri qabaqlayıcı tədbirlər görür. Amma dövlət başçısının da qeyd etdiyi kimi, ən vacib məqam birləşmək, ortaq düşmənə qarşı birgə mübarizə aparmaqdır. Zirvə görüşünə qoşulan 120 ölkənin əksəriyyətində səhiyyənin zəif inkişafı etməsi bir faktdır. Yəni bu konfrans həmin dövlətlər üçün də fürsət oldu. İndi fikir mübadiləsi aparılacaq və birgə çıxış yolu tapılacaq. Onu da deyim ki, BMT-in baş katibinin, ÜST-ün və Avropa İttifaqının rəhbərliyinin də bu işə cəlb olunması Qoşulmama Hərəkatının necə önəmli addım olduğunu bir daha təsdiqləyir”.