“Bakı bir daha dünyanın diqqətini özünə çəkdi” - Deputat

“Pandemiya ilə mübarizədə digər ölkələrə göstərdiyi yardımlar beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi”



“Qoşulmama Hərəkatına dünya ölkələrinin üçdə ikisi, yəni 120 ölkə daxildir və BMT-dən sonra ən böyük ikinci beynəlxalq təşkilat hesab olunur”.
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib. 

Deputat bildirib ki, ölkəmiz 2011-ci ildən təşkilata tam hüquqlu üzv olmaqla, ötən ilin oktyabr ayından təşkilata sədrlik edir: 

“İlk dəfə təşkilat üzvləri arasında videokonfrans keçirilir və bir çox dövlət və hökumət başçıları ilə yanaşı, BMT-nin baş katibinin, AB-nin Ali nümayəndəsi, Afrika ittifaqı komissiyasının sədri, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru iştirak və çıxış edirlər. Koronovirusla mübarizə sahəsində üzv ölkələrdə  aparılan işlər barədə dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri məruzə ilə çıxış edərək, belə bir həssas məqamda videokonfrans təşkil etdiyinə, göstərdiyi maddi yardıma görə Prezident İlham Əliyevə xüsusi təşəkkürlərini bildirdilər.

Diqqət çəkən məqamlardan biri, Azərbaycanın sədri olduğu qısa zamandan sonra təşkilatın işinin canlandırmasıdır. Bakı bir daha dünyanın diqqətini özünə çəkdi və pandemiya ilə mübarizədə digər ölkələrə göstərdiyi yardımlar beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi”.

Deputat vurğulayıb ki, bu yaxınlarda belə bir videokonfrans Türkdilli dövlətlərin əməkdaşlıq təşkilatı ilə də keçirilib: 

“Sirr deyil ki, ölkəmizin moderatorluğu ilə keçirilən hər bir yüksək səviyyəli görüş, Azərbaycana siyasi dividentlər gətirir və beynəlxalq nüfuzunu artırır. Düşünürəm ki, hər iki beynəlxalq təşkilata sədrlik etdiyi dövrdə ölkəmiz, üzv ölkələr arasında münasibətlərin inkişafı, mövcud problemlərin həlli üçün əhəmiyyətli işlər görəcək”.