Avropa ölkələri imperiya yaradır ? – “Münasibətlər kəskinləşib” - Sirr pərdəsi çəkilir 

“Bu vəziyyət Avropa dövlətlərini ABŞ –a qarşı birləşməyə məcbur edir”

“İmperiyanın yaranması mümkün deyil. Tarixdə belə cəhdlər olsa da, hamısı uğursuzluqla nəticələnib"



Macarıstanın Baş naziri Viktor Orban Avropadakı bəzi güclərin milli dövlətlər əvəzinə “Avropa Birləşmiş Dövlətləri” qurmaq istədiklərini, lakin bunun bir hissəsi olmaq istəmədiklərini deyib.
O, bu barədə “Kossuth” dövlət radiosunda danışıb.
Orban bəzi güclərin Avropa ölkələrini əhatə edən bir imperiya qurmaq istədiklərini iddia edib.
Onun sözlərinə görə, Macarıstan hökuməti bundan imtina etdiyinə görə tənqid olunub.
Ölkəsinin heç bir şəkildə sözügedən imperiyanın bir hissəsi olmayacağını vurğulayan Orban “Macarıstanın Macarıstan olaraq qalmasını istəyirik”, deyib.
O, imperiya tərəfdarlarının hər fürsətdə Macarıstan hökumətini zəiflətməyə çalışdıqlarını qeyd edib.

Bu barədə "Sherg.az"a danışan politoloq Azər Rəşidoğlu ideyanın əvvəllər də gündəmə gəldiyini deyib: 

"Bu məsələ tez- tez müzakirə olunur. İki qütb- ABŞ və Avropa arasındakı münasibətlərin kəskinləşməsi Avropa dövlətlərini birləşməyə məcbur edir. Amma, bu, Avropada birmənalı qarşılanmır. Liberallar ideyanı alqışladığı halda, mühafizəkarlar, solçular vahid dövlətin yaranmasını qəti rədd edirlər. Hələ də Avropada mübarizə gedir".

A.Rəşidoğlunun  fikrincə, imperiyanın yaranması mümkün deyil: 

"Mən bunu real hesab etmirəm. Tarixdə belə cəhdlər olsa da, hamısı uğursuzluqla nəticələnib. Hələ lX əsrdə Xürrəmilər, sonra Osmanlılar, ardınca Rusiya, Çin hər kəsi öz bayrağı altında birləşdirməyə cəhd etdi. Amma heç kim arzusuna çatmadı. Əksinə dağıntılar, fəlakətlər baş verdi".

Politoloqun sözlərinə görə, indi daha vacib məsələlər haqqında düşünmək lazımdır: "Koronavirus pandemiyası nəticəsində bütün dünya dövlətlərinin başı özünə qarışdı. İndi hamı özünü düşünür. Birləşmək çox az dövləti maraqlandırır. Post-pandemiya dövründə çox məqam əvvəlki kimi olmayacaq. Tektonik fəlakətlər artıq iqtisadi fəlakətlərlə əvəzlənib. Dünya təhlükə altındadır! Odur ki, dünyanı bölüşdürmək barədə yox, bu vəziyyətdən çıxış barədə düşünmək lazımdır".