“Danışıqların uzadılacağı təqdirdə Azərbaycan qətiyyətli addımlar ata bilər”

“Bu da sadəcə,  vaxtı və geosiyasi vəziyyəti düzgün qiymətləndirilməsi ilə mümkündür”

“Bu qərarı da Ali baş komandanımızı ən doğru anda qəbul edəcəyinə heç kəsin şübhəsi yoxdur”




"Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışı mərasimi bu koteqoriyadan olan  vətəndaşlarımıza  diqqət və qayğının növbəti təzahüri idi".  

Bu sözləri “Sherg.az”a millət vəkili Hikmət Məmmədov deyib.  Deputatın sözlərinə görə,   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın  açılışında iştirak etdiyi bu mühüm  hadisə ölkəmizdə bu günə qədər həyata keçirilən sosial siyayasətin davamı kimi qiymətləndirilməlidir: 

"Hazırda koronavirus pandemiyasının iqtisadiyyata böyük zərbə vurduğu bir vaxtda Azərbaycanda bu tipli sosial layihələrin məhdudiyyətsiz olaraq həyata keçirilməsi Azərbaycan dövlətinin bir daha istənilən şərtlərdə öz vətəndaşının yanında olmasının göstəricisidir. Birinci vitse-prezidenti Mehriban xanım  Əliyevanın təşəbbüsü ilə sosial sahədə həyata keçirilən tədbirlər, Heydər Əliyev Fondunun  bu istiqamətdə reallaşdırdığı böyük layihələr aztəminatlı təbəqənin sosial problemlərinin həllinə yönəlmiş mühüm addımlardır.  Açılışda çıxış edən Azərbaycan Prezidenti bir daha qeyd etdi ki , bütün Azərbaycan xalqı bilməlidir ki, bu, sizin üçün müvəqqəti yaşayış yeridir. Torpaqlarımız işğaldan azad ediləndən sonra biz bu gün hələ də işğal altında olan torpaqlarda buna oxşar gözəl binalar, şəhərciklər tikəcəyik, ermənilər tərəfindən dağılmış şəhərlərimizi yenidən quracağıq. Ölkə rəhbərinin  bu tip layihələri icra edən özəl şirkətlərin fəaliyyətini qiymətləndirərkən qeyd etdi ki , bu qəsəbənin xüsusiyyəti ondan ibarətdir ki, burada bütün işlər özəl sektor tərəfindən görülüb. Bu da çox sevindirici haldır. Şadam ki, mənim bir neçə il bundan əvvəlki çağırışımdan sonra özəl sektor artıq bu önəmli sosial layihələrə də qoşuldu.  Bütün tikinti işləri, bütün investisiyalar özəl sektor tərəfindən təmin edilibdir. Burada xüsusilə Paşa Holdinq şirkətinin fəaliyyətini qeyd etmək istəyirəm. Bu şirkət çoxşaxəli fəaliyyətlə məşğuldur. Bu şirkətin bütün dövrlərdə sosialyönümlü layihələri təqdirəlayiqdir. Onu da bildirməliyəm ki, heç bir reklam etmədən, necə deyərlər, özünü tərifləmədən bu işləri ardıcıl şəkildə görür. Bu gün koronavirus şəraitində Paşa Holdinq şirkəti və digər özəl şirkətlər ehtiyacı olan insanların yanındadırlar. Bu böyük tikinti layihəsi bir daha onu göstərir ki, biznesin sosial məsuliyyəti artır". 



H.Məmmədovun sözlərinə görə,  hazırkı koronovirus pandemiyası mərhələsində ölkəmizdə olan sosial yardımlaşma əhval-ruhiyyəsi Heydər Əliyev Fondu  və bir sıra  özəl şirkətlərin də fəal iştirakı ilə kifayət qədər geniş miqyas almaqdadır ki, bu da cəmiyyətdaxili həmrəyliyi daha da möhkəmləndirir:

"Prezident İlham Əliyev bir sıra mühüm məsələlərə toxunaraq işğal faktının hələ də davam etməsinə baxmayaraq Azərbaycanın öz ərazi bütövlüyünü təmin edəcəyini bildirdirərək qeyd etdi ki,  beynəlxalq hüquq, hərbi qüdrətimiz, eyni zamanda, iqtisadi üstünlüyümüz, əlbəttə ki, torpaqlarımızın azad olunmasında əsas rol oynayacaqdır. Danışıqlar öz yerində, ancaq indi dünyada  güc amili ön plana çıxır, bəzi ölkələr, hətta böyük demokratik ənənələri olan ölkələr də bəzi hallarda beynəlxalq hüquqa məhəl qoymadan öz maraqlarını təmin edirlər. 

Ona görə ordu quruculuğu mənim Prezident kimi fəaliyyətimdə həmişə ön plandadır. Əslində bu  deyilənlər, ordumuzun gücünə xüsusi vurğu edilməsi Azərbaycanın  müəyyən  mərhələdə qətiyyətli addımalr atacağına işarə olmaqla həm də ali baş komandanın öz ordusuna güvənməsinin göstəricisi hesab edilə bilər. 

Hazırda danışıqlar masasında məhz mərhələli həll variantının olmasına baxmayaraq Ermənistan rəhbərliyinin bunu inkar etməyə çalışması əslində siyasi riyakarlıq və  öz xalqını aldatmaqdır. Mərhələli həll isə birinci mərhələdə torpaqlarımızın  bir hissəsinin  işğaldan azad olunması deməkdir. Danışıqların uzadılacağı təqdirdə isə Azərbaycan  daha qətiyyətli addımlar ata bilər ki , bu da sadəcə,  vaxtı və geosiyasi vəziyyəti düzgün qiymətləndirilməsi ilə mümkün ola bilər.

Əslində bu cür yanaşma mövcud beynəlxalq və geostrateji şərtlər çərçivəsində ən optimal vaxtda ən doğru qərarı qəbul edə bilmək deməkdir ki, bu qərarı da Ali baş komandanımızı ən doğru anda qəbul edəcəyinə heç kəsin şübhəsi yoxdur. Çünki 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt döyüşləri artıq belə bir təcrübəni yaşadığımızın göstəricisidir və yenə şərtlər uyğun olan kimi belə əməliyyatların daha geniş miqyasda təkrarlanması üçün yaxşı bir nümunədir".