Erməni terroru yenidən ayaq açır

Beynəlxalq təşkilatlar  və qanunları pozduqları ölkələrin hüquqi sistemi tərəfindən də işğalçılar layiqli cavabını almalıdırlar


Ermənistanın Tovuz rayonunda törətdiyi  təxribatla  bağlı  müxtəlif ölkələrdə dinc aksiya keçirən  soydaşlarımız və diplomatik nümayəndəliklərimiz  radikal ermənilərin   hücumuna məruz qalıb. 
Azərbaycanlılara qarşı zorakılıq və aqressiya nümayiş etdirən ermənilərin bu özbaşınalığı ölkə ictimaiyyətini hiddətləndirib.  

Ermənilərin dünyanın hər yerində mənfur addımlara əl atdıqlarına, açıq-aşkar zorakılığa, terrora cəhdlər etdiklərinə diqqət çəkən millət vəkili Hikmət Babaoğlu "Şərq"ə açıqlamasında deyib ki, radikal erməni lobbisi tərəfindən təşkil olunmuş bu hadisə ilə bağlı ciddi araşdırma aparılmalı və   beynəlxalq hüququn tələblərinə uyğun  şəkildə cəza mexanizmi tətbiq edilməlidir.  



Millət vəkilinin fikrincə, radikal erməni qüvvələrinin bu cür vəhşilikləri artıq  nə Azərbaycan, nə də erməni terroruna məruz qalan digər ölkələrdə təəccüb doğurur:   "Ermənilər iyun ayının 12-də Ermənistan-Azərbaycan dövlət sərhədində törətdikləri təxribatı hazırda ayrı-ayrı ölkələrdə dinc nümayişlər keçirən azərbaycanlılara qarşı törətməklə sözün əsl mənasında öz terrorçu mahiyyətlərini bir daha ortaya qoymuş oldular. Bu, Ermənistanın terrorçu dövlət olmasının, erməni xarici siyasətinin terrorizmə, vandalizmə və faşizmə söykənməsinin bariz göstəricisidir.  Azərbaycanlıların öz torpaqlarının erməni işğalından azad edilməsini tələb etməsi onların beynəlxalq hüquqla tanınan haqlarıdır.

Bunu dinc etiraz və asayişin qorunması çərçivəsində təşkil etmələri də yaşadıqları ölkələrin qanunlarına hörməti, riayət etmələridir və tamamilə hüquqa və özünüifadə azadlığına əsaslanan sivil kütləvi etiraz formasıdır. Ermənilərin isə bu cür dinc və hüquqi aksiyalar zamanı azərbaycanlılara hücumlar etməsi əsl zorakılıq, vandalizm və barbarlıqdır.

Hesab edirəm ki, işğalçı Ermənistan dövlət sərhədində törətdiyi təxribat zamanı Azərbaycan ordusu və xalqı tərəfindən aldığı layiqli cavabı beynəlxalq təşkilatlar  və qanunları pozduqları ölkələrin hüquqi sistemi tərəfindən də almalıdırlar. Əks təqdirdə  1970-1980-ci illərdə ASALA, Daşnaksütyun və digər erməni terror təşkilatları tərəfindən müxtəlif ölkələrdə törədilən terror aktları yenidən baş verə bilər".

Millət vəkilinin sözlərinə görə, Ermənistanın iyulun 12-dən başlayaraq növbəti təxribatlarına etiraz məqsədilə aksiya keçirən dinc azərbaycanlılara və müxtəlif ölkələrdəki  diplomatik nümayəndəliklərimizə  qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribatçı əməllərə yol verilməsi bunun mümkünlüyünü əsla istisna etmir:

"Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına əsasən diplomatik nümayəndəliklərin hər hansı müdaxilə və zərərdən mühafizəsinin təmin edilməsi, eləcə də diplomata qarşı, onun şəxsiyyətinə, azadlığına və şərəfinə qarşı hər hansı hücumun qarşısının alınması diplomatik nümayəndəliyi qəbul edən ölkənin məsuliyyətindədir.

Eyni zamanda müxtəlif ölkələrdə yaşayan, fəaliyyət göstərən insanların hüquq və azadlıqlarının təmin edilməsi və təhlükəsizliklərinin qorunması da həm beynəlxalq hüquqa, həm də yerli qanunvericiliyə görə həmin ölkələrin hüquqi öhdəçiliyinə daxildir.

Ona görə də dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq azərbaycanlıların erməni işğalına son qoyulması ilə bağlı dinc aksiya keçirmələri dəstəklənməli və onların təhlükəsizliyi təmin edilməlidir. Bu, beynəlxalq hüququn tələbidir".