Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edib.
Mərasimdə çıxış edən dövlət başçısı son illər şəhid ailələri və müharibə veteranlarının həyat şəraiti və sosial rifanın yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Daha sonra isə Prezident ölkəmizin ictimai-siyasi həyatını əks etdirən bir sıra mühüm məsələlərə də toxunub.
Prezidentin sözügedən tədbirdəki iştirakını yüksək qiymətləndirən millət vəkili Tamam Əliyeva "Sherg.az"a açıqlamasında ölkə başçısından sitat gətirərək onun dediklərinin ölkə reallığını əks etdirdiyini qeyd edib:
“İndi Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü iqtidarı var, Azərbaycan iqtidarının güclü iradəsi var və ən önəmlisi xalqın dəstəyi var.”
T. Cəfərovanın sözlərinə görə, cənab Prezident çıxışında Ermənistan silahlı qüvvələrinin 12 iyulda Tovuz bölgəsində ərazilərimizə soxulması, mərd Azərbaycan əsgərləri tərəfindən həmin hücumun qarşısının mətanətlə alınması, düşmən tərəfinə vurulan sarsıdıcı zərbələr barədə geniş açıqlama verərək bu hadisələr zamanı Azərbaycanın güclü beynəlxalq dəstək gördüyünü xüsusi vurğulayıb:
“Bizim siyasətimiz ədalətli siyasətdir. Bizim siyasətimiz beynəlxalq hüquqa, tarixi ədalətə söykənir və biz istədiyimizə nail olacağıq. Mən bir məsələyə də toxunmaq istəyirəm. İstəyirəm ki, Azərbaycan xalqı bunu bilsin. İndi, əlbəttə ki, məlumat məkanı çox genişdir. Biz bu günlərdə heç vaxt olmadığı qədər, çox güclü beynəlxalq dəstək gördük. Təbii ki, ilk dəstək, ilk qardaşlıq addımı qardaş Türkiyədən gəldi.
Cənab Prezident həmçinin Azərbaycana dəstək göstərən beynəlxalq təşkilatlardan ilk növbədə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adını qeyd edib. Təbii ki, ölkəmizi dəstəkləyənlər arasında özündə 120 ölkəni cəmləşdirən Qoşulmama Hərəkatı da xüsusi vurğulanmalıdır..
Çox diqqətçəkən haldır ki, Ermənistanın da üzv olduğu və kömək üçün müraciət etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının 6 üzvündən 3-ü (KTMT) beynəlxalq təşkilatlar yolu ilə Azərbaycana dəstək göstərdilər.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında, eyni zamanda, KTMT-da üzv olan Qazaxıstan və Qırğızıstan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası vasitəsilə, Belarus Qoşulmama Hərəkatının bəyanatına qoşularaq bizə dəstək oldu.
Ölkə başçısının da qeyd etdiyi kimi, bu gün Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm mənfur qonşu ilə mübarizədə çox böyük bir gücə çevrilib.
Bunu biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycanın müstəqilliyi, azadlığı, insanların rifahı və ölkəmizin güclənməsi daim diqqət mərkəzində olacaq.”