“Dünyaya insan hüquqları və azadlıqları haqqında nümunə təqdim edən şəhərlərdə özlərini anarxist vandallar kimi aparırlar"
Amerikanın Los-Anceles şəhərində və Avropa ölkələrində baş verən hadisələrlə bağlı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva dünya azərbaycanlılarına müraciət edib.
Birinci xanım bəyan edib ki, onilliklər boyu aşılanan nifrət və azərbaycanofobiya ideologiyası artıq öz “eybəcər bəhrəsini” verir. Ermənilərin bir qismi dinc azərbaycanlı nümayişçilərə dünya paytaxtlarının mərkəzində daş atır, digərləri Azərbaycan vətəndaşlarının evlərinə ağır artilleriya silahlarından atəş açırlar.
Tarix boyu Azərbaycan xalqına qarşı törədilən bənzər cinayət nümunələrini xatırladan M. Əliyevanın müraciətində qeyd olunub ki, azərbaycanlıların öz vətənini dəstəkləmək üçün müvafiq dövlət orqanları ilə əvvəlcədən razılaşdırılmış dinc, vətənpərvərlik aksiyaları erməni diasporunun nümayəndələri tərəfindən fiziki zorakılıq, aqressiya və qeyri-insani nifrət hissi ilə qarşılanıb.
Millət vəkili Hikmət Babaoğlunun da "Sherg.az"a qeyd etdiyi kimi Brinci vitse-prezident Mehriban xanım Əliyevanın müraciəti diqqəti məhz məsələnin beynəlxalq-hüquqi və informativ tərəfinə cəlb etməklə bu platformada milli maraqlarımızı qorumaq üçün yeni vəzifələr və strateji istiqamətlər müəyyən edir:
"Hazırda erməni işğalçılarına qarşı bir neçə platformada effektiv şəkildə savaşmaq milli vəzifə kimi qarşımızda durur. Hərbi-siyasi müstəvidə davam edən müharibə və əldə edilən uğurlar mütləq diplomatik və informasiya savaşında əldə etdiyimiz nəticələrlə də dəstəklənməlidir.
Müraciətdə əksini tapan çağırışların hər biri milli davamıza sahib çıxan, ərazi bütövlüyümüzün bərpa olunmasına töhfə vermək istəyən, öz vətənini və millətini sevən hər bir azərbaycanlı üçün əsl fəaliyyət proqramıdır.
Mehriban xanım Əliyeva, hər şeydən əvvəl, Ermənistanın işğalçı ordusunun dövlət sərhədimizdə törətdiyi təxribatdan sonra yaranmış yeni situasiyada öz vətənini müdafiə etmək üçün dünyanın müxtəlif ölkələrində dinc aksiyalar keçirən azərbaycanlılara qarşı törədilən erməni zorakılığı və vandalizminə diqqət çəkir. Bunu haqlı olaraq işğalçı ordunun Azərbaycanın dinc əhalisini artilleriya atəşinə tutması ilə eyniləşdirir. Hər iki halda dünyanın bu vandalizmə seyrçi qalmasından narahatlığını ifadə edir".
Millət vəkilinin sözlərinə görə digər çox mühüm məsələ aqressorların və vandalların bu barbarlığa əvvəlcədən yaxşı hazırlaşmaları və say üstünlüyünü təmin etmələri ilə bağlı fikirlərdir. Buradan aydın olur ki, işğalçı Ermənistan və onun terrorçu hakimiyyəti dövlət sərhədində təxribat hazırlayarkən hər şeyi əvvəlcədən planlaşdırıb və onun davamı kimi erməni diaspor təşkilatlarını da öncədən mümkün dinc nümayişlərə qarşı səfərbər edib:
"Bu, erməni təxribatının planlı olmasının ifşa edilməsidir. Başqa bir mühüm istiqamət ondan ibarətdir ki, müraciətdə Ermənistanın işğalçılıq siyasəti və bu prosesdə fiziki-mənəvi terroru dövlət siyasətinə çevirməsinin ideoloji əsasları göstərilir. Qeyd edilir ki, ermənilərin onilliklər boyu aşıladıqları nifrət və azərbaycanofobiya ideologiyası öz “eybəcər bəhrəsi”ni verir - bu nifrətlə “silahlanmış” ermənilər dinc azərbaycanlı nümayişçilərə qarşı dünya paytaxtlarının mərkəzində daş atır, zorakılıq tətbiq edirlər. Məsələ ondadır ki, Avropa siyasətinin paytaxtı hesab edilən Brüsseldə belə ermənilər terrora əl atmaqdan çəkinmir, dünyaya insan hüquqları və azadlıqları haqqında nümunə təqdim edən şəhərdə özlərini anarxist vandallar kimi aparırlar".
Deputat təəssüflə qeyd edib ki, bütün bunlar Avropanın mərkəzi küçələrində baş verərkən insan hüquqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” kimi təşkilatlar törədilmiş hadisələrə ədalətli qiymət verməyə tələsmirlər:
"Onlar bu erməni vandalizminə və zorakılığına mütləq qiymət verməlidirlər. Ona görə də hazırkı mərhələdə hər bir azərbaycanlının və diaspor nümayəndəsinin ümdə vəzifəsi birləşmək və son zorakılıq aktlarının ədalətlə təhqiq edilməsini, təqsirkarların məsuliyyətə cəlb olunmasını bütün tribunalardan təkidlə tələb etməkdir. Mehriban xanım Əliyevanın bu çağırışı milli vəzifə kimi qəbul edilməli, mübarizəmizin hüquqi-ideoloji əsasını təşkil etməlidir".