Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamələrin "pasport və doğum şəhadətnaməsi" olan qurum ölü nöqtədən tərpənmir
Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimizdə törətdiyi təxribat həm Azərbaycan, həm də dünya ictimaiyyəti tərəfindən növbəti hərbi təcavüz aktı kimi dəyərləndirilib.
Hər dəfə Azərbaycan Silahlı Qüvvələri tərəfindən ciddi qulaqburması alan Ermənistan ordusu yenə də acizliyindən, zəifliyindən və qorxaqlığından ciddi nəticə çıxarmır, təxribatlar törətməkdə davam edir. Bu dəfə də belə oldu. Düşmən böyük itki verərək geri çəkildi.
Ermənistanın faşist xislətindən əl çəkə bilməməsi artıq dünya ictimaiyyətinə də bəllidir. İşğalçı ölkənin bu rəzilliyi, qəddarlığı, beynəlxalq hüquq normalarına hörmətsizliyi artıq ədalətsevər, haqqa inanan ölkələr tərəfindən qəbul edilmir. Azərbaycan isə hər zaman haqlı tərəf kimi dəstəklənir.
Minsk Qrupu dərhal buraxılmalıdır
Bəs, onda Ermənistan-Azərbaycan münaqişəsinin həlli niyə onillərdir uzanır?
Əslində sualın cavabı bizə çoxdan bəllidir. Münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin işğalçı ölkəni öz adı ilə çağırmaması, onların siyasi riyakarlığı ucbatından biz illərdir mənfur ermənilərin təxribatları ilə üzləşmək məcburiyyətində qalırıq.
Faktiki olaraq, bu işlə məşğul olan ATƏT-in Minsk Qrupu heç bir real nəticə əldə edə bilməyib. Bu qrupa həmsədrliyi dünyanın üç qüdrətli dövləti edir. Təsəvvür edin, bu üç dövlət Cənubi Qafqazda bir münaqişəni həll edə bilmir! Absurddur! Əgər qətiyyətli və ədalətli davransalar, çox qısa müddətdə məsələni yoluna qoya bilərlər.
Artıq bu qurumun əhəmiyyətsiz fəaliyyəti beynəlxalq ictimaiyyət tərəfindən də etiraf edilir. Azərbaycan–Ermənistan sərhədində baş verən son gərginliyi şərh edən rusiyalı politoloq Qriqori Trofimçuk hesab edir ki, ATƏT-in Minsk Qrupu dərhal buraxılmalıdır. Onların heç bir faydası yoxdur. Politoloq deyib ki, əgər əlimdə belə imkanım olsaydı, mən birbaşa bu gün ATƏT-in Minsk Qrupu həmsədrlərini restoranlardan və yataqdan çıxarıb “İşğalçı kimdir” sualına dəqiq cavab tələb edərdim. Əks halda, Minsk Qrupu dərhal buraxılmalıdır. Belə ki, o, baş verənlərə görə heç bir məsuliyyət daşımır. Minsk Qrupu heç nəyə nəzarət etmir.
Dağlıq Qarabağdakı qanunsuz seçkilərin keçirilməsinə, işğal altında olan Azərbaycan torpaqlarında ermənilərin məskunlaşmasına laqeyd qalaraq, səs çıxarmırlar.
Minsk Qrupunun həmsədrləri passivdirlər və bir sıra məqamlarda təcavüzkara yardım edir, ona bəraət qazandırırlar
Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olan ATƏT-in Minsk Qrupunun bu fəaliyyətsizliyi və cəbhədə baş verən erməni təxribatlarına susqunluğu dəfələrlə ölkə rəhbərliyi tərəfindən də sərt tənqid olunub. Azərbaycan Prezidenti İlham Əliyevin Minsk Qrupunun fəaliyyəti ilə bağlı irad bildirməsi, kəskin tənqid etməsi və tələblər irəli sürməsi tam əsaslıdır. Dövlət başçısı Azərbaycan telekanallarına verdiyi müsahibədə bu məsələ daha kəskinliyi və konkretliyi ilə qaldırılıb.
Əslində, bu, yeni hadisə deyil, çünki dövlət başçısı bir neçə dəfə açıq bəyan edib ki, Minsk Qrupunun həmsədrləri passivdirlər və bir sıra məqamlarda təcavüzkara yardım edir, ona bəraət qazandırırlar: "Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma siyasəti aparır. İlham Əliyev bu məsələni hər dəfə həmsədrlər qarşısında qaldırdığını, ancaq vasitəçilərin buna da seyrçi qaldıqlarını bildirdi. İlham Əliyev ATƏT-in faktaraşdırıcı missiyasının sonuncu dəfə işğal olunmuş torpaqlarda 10 il bundan əvvəl olduğunu xatırladaraq bunları dedi: “On il keçib. Son bir neçə il ərzində biz onlara təkidlə deyirik ki, yeni missiya getməlidir. Bu 10 il ərzində Ermənistan Suriyadan və başqa yerlərdən erməniləri oraya gətirib, onları zorla saxlayır. Bizim şəhərlərimizin tarixi adlarını dəyişdirir, işğal edilmiş torpaqlarda kilsələr tikir. Yəni, sabah deyəcək ki, bu, erməni torpağıdır. Dəfələrlə demişik onlara. Reaksiya var? Yoxdur!”.
Azərbaycan Prezidenti Minsk Qrupunun fəaliyyətini yararsız hesab edərək buna dair detallı dəlillər irəli sürdü. Əslində bu dəyərləndirmədən sonra rəsmi Bakının vasitəçilərin sadəcə öz varlıqlarını göstərmək üçün həyata keçirdikləri mənasız danışıqlardan imtina etməsi və ya fasilə götürməsi zərurətini gündəmə gətirdi.
Bu qətnamələr Minsk Qrupu təsisatının pasportu və doğum haqqında şəhadətnaməsidir
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də Minsk Qrupunun işinin rəsmi Bakını qane etmədiyi qənaətindədir:
- Mən onlara açıq demişəm ki, onların yalnız məlumatların çatdırılmasından ibarət olan iş mexanizmi səmərəli deyildir. Onlar erməni tərəfindən müəyyən informasiyanı alır, bu informasiyanı bizə, sonra isə geriyə çatdırırlar. Halbuki, erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının və qaçqınların doğma yurdlarına qayıtmasının dəqiq planı olmalıdır. Həmsədrlər deyirlər: Qoy Ermənistan və Azərbaycan öz aralarında razılığa gəlsinlər, biz isə onların qərarını dəstəkləyərik. Belə olan halda onların moderator rolu nədən ibarətdir?
Bir məsələni də unutmayın ki, bu qrupun üç həmsədri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bir daha təkrar edirəm, hərbi işğal faktı mövcuddur. Həmsədrlər bu fakta siyasi və hüquqi qiymət verməli və bunun əsasında biz irəliyə getməliyik.
Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistanın qanunsuz hərəkətləri, o cümlədən oraya ermənilərin qeyri-qanuni köçürülməsi danışıqlar prosesinin mənasını tamamilə heçə endirir. ATƏT-in 2005-ci və 2010-cu illərdə faktaraşdırıcı missiyaları Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-leqal hərəkətlərlə bağlı çoxlu faktlar aşkar etdi. Bu məsələlərə münasibətdə həmsədrlər tərəfindən konkret mövqe görünmür. Həmsədrlərin mandatı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsidir. Başqa sözlə desək, həmsədrlərin birinci dərəcəli məqsədi həmin qətnamələrin tələblərini yerinə yetirməkdən ibarət olmalıdır.
Bu qətnamələr Minsk Qrupu təsisatının pasportu və doğum haqqında şəhadətnaməsidir. Lakin çox təəssüf ki, onlar bunu tez-tez unudurlar.
Azərbaycan cəmiyyətində ATƏT-in Minsk Qrupuna qarşı bir qəzəb və məyusluq hissi var
Millət vəkili, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Ermənistanın Tovuz təxribatına görə ATƏT-in Minsk Qrupunun həmsədrlərini ittiham edib.
ATƏT-in Minsk Qrupu həmsədrlərinin aşkar uğursuzluğunun səbəblərindən danışan deputat deyib ki, həmsədr ölkələr – ABŞ, Fransa və Rusiya Minsk Qrupunun həmsədrləri və BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq qətnamələrin icrasını təmin etməyiblər. Hansı ki, Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü kimi onlar bu qətnamələrin qəbuluna səs veriblər və ona görə də bu qətnamələrin icrasını təmin etməliydilər: "Cəmiyyətimiz hələ də ATƏT-in Minsk Qrupu həmsədrlərindən təcavüzkarla təcavüzə məruz qalan tərəfin ədalətli şəkildə fərqləndirəcəklərini gözləyir. Təəssüf ki, biz bunu görmürük. Ermənistanın təcavüzkarlıq və işğalçılıq siyasəti ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən birmənalı şəkildə və qətiyyətlə pislənməlidir ki, işğalçı ölkəyə dəqiq mesaj verilmiş olsun. Bunu etməklə Minsk Qrupu Ermənistana açıq mesaj göndərər ki, beynəlxalq ictimaiyyətin bu ölkənin işğalçılıq və təcavüzkar siyasəti ilə barışmaq fikri yoxdur.
Açığı deyim ki, Azərbaycan cəmiyyətində ATƏT-in Minsk Qrupuna qarşı bir qəzəb və məyusluq hissi var. Məncə, son eskalasiya beynəlxalq vasitəçilərə status-kvonun saxlanmasının nəinki yolverilməz, həm də çox təhlükəli olduğunu xatırlatmalıdır. Vasitəçilər münaqişənin beynəlxalq hüquq prinsip və normaları əsasında tezliklə həllinə nail olmalıdır. Hamı bilməlidir ki, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığına alternativ yoxdur. Bu məsələ müzakirə oluna bilməz. İşğal olunmuş Dağlıq Qarabağ bölgəsindən və 7 ətraf rayonu zorla tərk etməli olmuş bir milyondan çox məcburi köçkün ləyaqətli şəkildə öz doğma yerlərinə qayıtmalıdır".
ATƏT-in Minsk Qrupu artıq özünü buraxmalıdır
Millət vəkili Elman Nəsirov da dövlət sərhədinin Tovuz istiqamətində ermənilərin törətdiyi təxribatla bağlı ATƏT-in Minsk Qrupunun susqunluğunu qınayıb: "Onların səsi çıxmır. Yəqin ki, çıxacaq. Ancaq bu zaman da ənənəvi bəyanat verəcəklər ki, təmas xəttində gərginliyin artmasından narahatdırlar, tərəfləri atəşkəsi dayandırmağa və gərginliyi aradan qaldırmaqla bağlı qarşılıqlı səylərə dəvət edirik. Yəni, yenə də dişsiz, ünvansız bəyanat verəcəklər. Belə bəyanatlarla münaqişə həll oluna bilməz. Ona görə də ATƏT-in Minsk Qrupu artıq özünü buraxmalıdır. Bütün hallarda baş vermiş hadisəyə görə Minsk Qrupunun fəaliyyətsizliyi rol oynayıb”.
Millət vəkilinin fikrincə, bundan sonra hadisələrin hansı istiqamətdə cərəyan edəcəyinin bütün məsuliyyəti Ermənistanın, ona himayədarlıq edən tərəflərin və məsuliyyətsizcəsinə seyrçi mövqedə dayanan ATƏT-in Minsk Qrupunun, beynəlxalq ictimaiyyətin üzərinə düşür: "Azərbaycan bu halda heç bir məsuliyyət daşımayaraq, BMT nizamnaməsinin 51-ci maddəsinə istinad edərək, fərdi və kollektiv müdafiə hüququndan istifadə edə bilər. Bu hüquq müharibə yolunu da istisna etmir”.