“Ermənistandakı "inqilab”ı Sorosun idarə etməsi şübhə doğurmur”

“Soros kimi təşkilatlar öz fəaliyyət dairələrinə uyğun olaraq Ermənistan kimi təxribatla məşğul olan ölkələrlə əməkdaşlıq edirlər”


Regionlara səfər çərçivəsində bir sıra dövlət əhəmiyyətli məsələlərə toxunan prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasəti və Tovuz rayonu istiqamətindəki təxribatların nəticələrindən də  danışıb. 


Paşinyan hakimiyyətinin ciddi səhvlərə yol verdiyini vurğulayan ölkə başçısı Ermənistan hakimiyyətinin Soros Fondunun nəzarətində olmasına dair konkret faktlar göstərib. Dövlət başçısı həmçininin bu gün Ermənistanda hökumətdə, parlamentdə, məhkəmə hakimiyyətində, digər önəmli vəzifələrdə çalışanların bir çoxunun Soros fondunun və ona yaxın təşkilatlarla əməkdaşlıq etdiyini  qeyd edib. Eyni zamanda  Soros Fondunun pandemiya ilə əlaqədar bu yaxınlarda Ermənistana 600 min dollar maliyyə yardımı göstərdiyini bəyan edib. 

Prezidentin toxunduğu məsələni son dərəcə əhəmiyyətli hesab edən Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov  “Sherg.az”a açıqlamasında Soros Fondunun dəstəyi ilə “inqilab” edib hakimiyyətə gələn Nikol Paşinyanın  nə daxili, nə də xarici siyasətdə uğur qazandığını deyib. Politoloqun fikrincə, daxili problemlərdən fikri yayındırmaq məqsədiylə rəsmi İrəvan Azərbaycanla sərhəddə təxribatlara əl atır: 

“Bununla da  Rusiyanı bu müharibəyə çəkməklə havadarlarının, eyni zamanda planlarının həyata keçirilməsini istəyirlər. Son hadisələr də bunu göstərdi ki, Ermənistan provokasiyaları qarşısında erməni hakimiyyətinin özü ciddi şəkildə məğlub oldu. Dünya da Ermənistanın işğalçı siyasətini bir daha görmüş oldu".

Soros Fondunun dünyanın bir çox ölkələrində öz məqsədlərinə çatmaq üçün müxtəlif layihələr həyata keçirdiyini vurğulayan Z. Məmmədovun qənaətincə, bu cür təşkilatlar qeyri-demokratik və müstəqil xarici siyasət yeridə bilməyən  ölkələrə müdaxilə  edərək onların əli ilə öz ideayalarını gerçəkləşdirməyə çalışırlar:

“Bu baxımdan Fond tərəfindən seçilən şəxslərin Ermənistanda  ən yüksək vəzifələrdə təmsil olunması təsadüfi deyil. Ermənistanın bugünkü rəhbərliyi Soros Fondunun təsiri altında olan adamlardan formalaşdırılıb. Hakimiyyətin müxtəlif qollarında mühüm vəzifələrdə işləyən insanların bir çoxu Soros Fondunun və ona yaxın təşkilatların əməkdaşları olub. Bu baxımdan Ermənistanda baş vermiş "inqilabın” Soros tərəfindən idarə edilməsi də şübhə doğurmur. Həm də ki,  Soros kimi təşkilatlar yalnız öz fəaliyyət dairələrinə uyğun olaraq Ermənistan kimi təxribatla məşğul olan ölkələrlə əməkdaşlıq edirlər”.