Regionda üçtərəfli format: Azərbaycan, Türkiyə, Pakistan... - Hərbi təlimlər

Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Birliyindən bildirilib ki, Türkiyə ilə Pakistan arasında “Atatürk Təlimləri 2021” birgə hərbi təlimlər üç həftə davam edəcək.

Təlimlər Pakistanın Heybər Pahtunva əyalətinin Tarbela bölgəsində keçiriləcək. Təlimlərin iki qardaş ölkə arasındakı əlaqələri daha da gücləndirəcəyi qeyd edilir.

Xatırladaq ki, Türkiyə-Pakistan hərbi təlimləri 1998-ci ildən bəri iki ölkə arasında növbə ilə həyata keçirilir.
Türkiyədə təlimlər “Cinnah” (Məhəmməd Əli Cinnah - Pakistanın ilk general-qubernatoru və ölkənin qurucu şəxsiyyəti-red.), Pakistanda isə “Atatürk” adı altında reallaşır.



Birgə təlimləri "Sherg.az"a dəyərləndirən politoloq İlqar Vəlizadə söyləyib ki, son zamanlar Türkiyə -Pakistan münasibətləri daha da inkişaf edir:

"Yeri gəlmişkən, qeyd etmək lazımdır, bu münasibətlərdə Azərbaycanın da rolu var. Belə ki, regionda üçtərəfli format - Azərbaycan, Türkiyə, Pakistan fəaliyyət göstərir.

Yaxın zamanlarda Qarsda Azərbaycan və Türkiyənin birgə irimiqyaslı hərbi təlimləri başa çatdı.

Dərhal sonra Pakistan və Türkiyənin birgə hərbi təlimləri başladı. Hərbi səviyyədə əməkdaşlıq paralel şəkildə həyata keçirilir. Bu, gələcəkdə regionda hərbi, siyasi formatın yaradılmasından xəbər verə bilər”.

Politoloq deyir ki, həm Türkiyə, həm Pakistan hərbi sahədə inkişaf edirlər:

“Təlimlərdə hər iki tərəfin hərbi texnikasından istifadə ediləcək. Bu təlimlər hərbi, texniki sahədə əməkdaşlığa təkan verəcək”.