"Paşinyan Ermənistanda ən rasional siyasətçidir"

O, cəmiyyəti inandıra bildi ki, ölkəsinin gələcəyi qonşularla münasibətdən asılıdır

Ermənistan üçün prioritet məsələ kommunikasiya yollarının açılması və ölkənin blokadadan çıxması olmalıdır. Bu barədə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deyib. Onun sözlərinə görə, dəmir yolu xətlərinin açılması Ermənistanda xammaldan daha səmərəli istifadəyə səbəb olacaq.
Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən politoloq Əhəd Məmmədli deyib ki, Paşinyan Ermənistanda ən rasional siyasətçidir. Politoloq qeyd edib ki, Paşinyan yaxşı anlayır ki, Azərbaycan və Türkiyə ilə düşmənçilik Ermənistanı tam məhvə apara bilər:

"Ona görə də o və komandası Azərbaycanla Türkiyə münasibətlərinin qurulması, sərhədlərin açılması, kommunikasiyanın işə düşməsinin tərəfdarıdır. Həmçinin Ermənistan erməniləri də bunu yaxşı anlayırlar. Ona görə də Paşinyan bu gün Ermənistan cəmiyyəti üçün cəsarətli çıxışlar edir". 

Politoloq əlavə edib ki, Nikol Paşinyanın seçkilərdə qalib gəlmək şansı yüksəkdir:

"Hesab edirəm ki, Paşinyanın seçkilərdə qalib gəlmək şansı var. Çox güman ki, qalib də gələcək. Ona görə də Paşinyan müharibədən sonra apardığı siyasətin davamını aparır. Ermənistan cəmiyyətinə çatdırmaq istəyir ki, Ermənistanın inkişafının və gələcəyinin çıxış yolu məhz düşmənçilik yox, münasibətlərin yenidən qurulmasıdır. Amma bir şərtlə ki, Ermənistan rəsmən Qarabağı-Azərbaycan ərazisini tanımalıdır".