Sabiq XİN rəhbəri: Rusiya birmənalı işğalçı tərəfdir

Atəşkəsdən sonra hər iki tərəf siyasi yollarla öz məqsədlərinə nail olmaq üçün danışıqları davam etdirəcəklər
“Sonrakı danışıqlarda ciddi nəyəsə nail olmaq ehtimalları da çox azdır. Siyasi mühit elədir ki, heç bir tərəfin istədiyini alması mümkün görünmür”
Ötən ilin avqust ayından Ukrayna ordusunun nəzarətinə keçən Kursk vilayətinin Sudja şəhəri uğrunda son bir neçə həftə ərzində qızğın döyüşlər gedib. Rusiya ordusunun qaz boru kəmərinin içi ilə həyata keçirdiyi "Potok" əməliyyatı nəticəsində Sudjaya nəzarət bərpa edilib. Martın 12-də Rusiya Prezidenti Vladimir Putin uğurlu əməliyyatla bağlı Kursk vilayətinə səfər edib. Bu, Putinin Ukrayna Silahlı Qüvvələrinin regiona hücumundan sonra Kursk vilayətinə ilk səfəri olub. Rusiya prezidenti komanda məntəqəsində hərbi geyimdə müşavirə keçirib. Baş Qərargah rəisi Valeri Gerasimov Putinə məruzə edərək ərazinin 86 faizinin azad edildiyini bildirib. Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib ki, Ukraynada təklif olunan müvəqqəti atəşkəs bu ölkənin hərbçiləri üçün müvəqqəti fasilədən başqa bir şey deyil. Onun sözlərinə görə, Ukraynada sülh fəaliyyətini imitasiya edən addımların heç kimə faydası yoxdur. Uşakov qeyd edib ki, Rusiya Ukraynada Moskvanın maraqlarını və narahatlıqlarını nəzərə alan uzunmüddətli sülh yolu ilə nizamlanmaya çalışır. O, Vladimir Putinin cümə axşamı müvəqqəti atəşkəs təklifi ilə bağlı daha konkret və mənalı qiymətlər verəcəyini istisna etməyib. Rusiya prezidentinin köməkçisi ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uoltsla müntəzəm telefon əlaqəsi saxladığını da söyləyib. Uşakov əlavə edib ki, Uoltsla söhbətində Ukraynada müvəqqəti atəşkəs təklifini şərh edib və Rusiyanın mövqeyini açıqlayıb. 
Uşakov onu da qeyd edib ki, Rusiya və ABŞ hesab edir ki, Ukraynanın NATO-ya qəbulu nizamlanma kontekstində müzakirə oluna bilməz.
“Röyters” yazıb ki, Moskva artıq Ukrayna münaqişəsi ilə bağlı sazişin bağlanması və Rusiya-ABŞ münasibətlərinin bərpası tələblərinin siyahısını Vaşinqtona verib. Agentliyin məlumatına görə, məsələ ilə bağlı hələlik nə Moskva, nə də Vaşinqton rəsmi açıqlama verib. "İzvestiya" nəşri bildirib ki, Ukrayna qoşunlarının Donetsk və Luqanskdan, Xerson və Zaparojye vilayətlərindən tam çıxarılması, həmçinin NATO-ya üzv olmaqdan imtina ilə bağlı rəsmi bəyanat sülh danışıqlarının başlanması üçün şərt olaraq qalır. Rusiya XİN-in Kiyev hakimiyyətinin cinayətləri üzrə xüsusi təyinatlı səfiri Rodion Miroşnik isə bildirib ki, Rusiyanın nizamlamaya yanaşmalarında hazırda heç nə dəyişməyib. 
Bu arada məlum olub ki, Paris və London 37 ölkənin iştirakı ilə Ukrayna üçün təhlükəsizlik planı hazırlayır. Plan Avropa, Asiya və Britaniya Birliyi ölkələrini uzunmüddətli perspektivdə Ukraynanın Rusiyadan müdafiəsinə kömək etmək üçün maliyyə, qoşun, təyyarə və ya gəmi ilə təmin etməyi nəzərdə tutur. Avropa hərbi liderləri arasında Parisdə keçirilən danışıqlara Kanada, Avstraliya, Yaponiya və Yeni Zelandiya qoşulub. Britaniya rəsmiləri potensial sülhməramlı kontingenti “sakitləşdirici qüvvə” adlandırırlar.  
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "Sherg.az"a açıqlamasında deyib ki, Ukrayna hökumətinin bəzi siyasətçilərinin davamlı açıqlamaları elə bir görüntü yaratmışdı ki, sanki atəşkəsi istəməyən tərəf Kiyevdir. Belə bir mənzərənin yaranması Ukrayna üçün mənfi amildir. Ekspert vurğulayıb ki, 3 ilə yaxın müddətdə hamı gördü ki, hərbi üsullarla nə Rusiya öz istəklərinə nail oldu, nə də Ukrayna öz hədəfinə çatdı:
 "Burada "kim haqlıdır, kim haqsızdır" məsələsini kənara qoyaq, siyasətdə müxtəlif üslublar var. Hərbi üsul tərəfləri qələbəyə gətirə bilmədi. 
Xatırladım ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlı İstanbul danışıqları aparılmışdı və həmin vaxt atəşkəsin əldə olunması imkanları var idi. Əfsuslar olsun ki, Ukrayna tərəfinin bundan imtina etdiyini iddia edirdilər. Halbuki, müharibədə kifayət qədər itikilər var idi, şəhərlər dağıdılmışdı. Heç olmasa, savaşı dondurmaq olardı. Amma bu, baş vermədi. Sonrakı proseslər hamıya bəllidir. Rusiya burada birmənalı işğalçı tərəfdir. Ukrayna isə öz ərazi bütövlüyünü bərpa etməyə çalışır. Siyasi təhlillərdə mövcud reallıqları, faktları nəzərə almaq şərtdir. İndi atəşkəsin əldə olunması sadəcə olaraq vəziyyəti dondurmaq məqsədi güdür. Atəşkəsdən sonra hər iki tərəf siyasi yollarla öz məqsədlərinə nail olmaq üçün danışıqları davam etdirəcəklər. Əlbəttə, sonrakı danışıqlarda ciddi nəyəsə nail olmaq ehtimalları da çox azdır. Siyasi mühit elədir ki, heç bir tərəfin istədiyini alması mümkün görünmür. Rusiya çalışır ki, işğal etdiyi əraziləri beynəlxalq ictimaiyyətə "öz ərazisi" kimi qəbul etdirsin. Ukrayna danışıqlar vasitəsilə 1991-ci ilin sərhədlərinə qayıtmağı planlaşdırır ki, bu da qeyri-mümkündür. Yəqin ki, Kiyev özü də buna inanmır". 
T.Zülfüqarov vurğulayıb ki, Ukrayna tərəfi tələb edir ki, bölgədə sülhməramlılar olsun:
 "Əsas problem odur ki, Ukraynanın Qərbə ümid bəsləyərək öz torpaqlarını azad edəcəyi, ərazi bütövlüyünü bərpa edəcəyi ilə bağlı gözlənti puç oldu. Başda Kiyev olmaqla hamı gördü ki, heç bir Qərb ölkəsi öz əsgərlərini Ukrayna üçün göndərmək fikrində deyil. Atəşkəs olsa belə hər iki ölkənin siyasi elitaları üçün ciddi problem olacaq. Çünki həm Ukrayna, həm Rusiya hökuməti xalqa izah etməlidir ki, müharibə müddətində nəyə nail olublar. Bu vəziyyətdə ortada qalib yoxdur, uduzanlar var. Əminəm ki, bu şərait hər iki ölkədə ciddi siyasi böhranlara səbəb olacaq. Atəşkəsin olması hələ müharibənin bitməsi anlamına gəlmir. Ukraynada hakimiyyətə kim gəlsə Rusiyaya qarşı hərbi vəziyyəti davam etdirəcək. Bugün Rusiya-Gürcüstan arasındakı problem eyniylə Rusiya-Ukrayna arasında olacaq. Ukraynanın siyasi-iqtisadi-hərbi imkanları tam şəkildə Rusiya ilə münaqişəyə hesablanacaq. Eyni proses Rusiya üçün də keçərlidir".