Yeni elmi araşdırma ənənəvi kişilik normaları ilə ətraf mühitin məhv edilməsi arasında əlaqə olduğunu irəli sürür.
Sherg.az-ın məlumatına görə, tədqiqat müəllifləri bildirirlər ki, iqlim böhranının dərinləşməsində kişi dominant siyasi, iqtisadi və sənaye sistemləri mühüm rol oynayır.
Araşdırmada istifadə olunan “(M)Anthropocene” – yəni “Kişiləşmiş Antroposen” anlayışı, planetə vurulan ziyanın bütün insanların eyni dərəcədə məsuliyyəti olmadığını, xüsusilə kişi üstünlüyünə əsaslanan strukturların bu prosesə daha çox təsir göstərdiyini vurğulayır.
Tədqiqatçılar qeyd edirlər ki, kişilər orta hesabla ekoloji siyasətləri daha az dəstəkləyir, iqlim dəyişikliyinin təhlükələrini daha çox kiçildir və karbon emissiyalarının yüksək olduğu sənaye, enerji, mədənçilik və hərbi sektorlarda daha çox təmsil olunurlar.
Araşdırmaya görə, güc, nəzarət, rəqabət və təbiət üzərində hökmranlıq kimi xüsusiyyətlərlə əlaqələndirilən ənənəvi kişilik modeli ətraf mühitə zərər verən davranışların normallaşmasına səbəb ola bilir. Həmçinin bəzi cəmiyyətlərdə ictimai nəqliyyatdan istifadə, ət istehlakını azaltmaq və ya ekoloji fəallıq kimi davranışların “kişiyə xas olmayan” xüsusiyyətlər kimi qəbul edildiyi vurğulanır.
Müəlliflər hesab edirlər ki, iqlim böhranının həlli yalnız texnoloji yeniliklərlə deyil, həm də sosial və mədəni dəyişikliklərlə mümkündür. Onlar həmrəylik, qayğıkeşlik, birgəyaşayış və dayanıqlı həyat tərzi kimi dəyərlərin daha çox təşviq edilməsini vacib sayırlar.