İsveçrədə iyunun 14-də ümumxalq referendumu keçiriləcək. Səsvermədə 2050-ci ilədək ölkə əhalisinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılması məsələsi müzakirəyə çıxarılacaq.
Sherg.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Referendumun təşəbbüskarı miqrasiyanın artmasından narahatlığını ifadə edən İsveçrə Xalq Partiyası olub. Təşəbbüsün qəbul edilməsi həmçinin Avropa İttifaqı vətəndaşlarına İsveçrədə sərbəst yaşamaq və işləmək hüququ verən mövcud sərbəst hərəkət sazişinə yenidən baxılmasına səbəb ola bilər.
Təklif olunan layihədə müəyyən edilmiş həddin vaxtından əvvəl aşılması halı üçün xüsusi müddəalar da yer alıb. Belə ki, əgər ölkə əhalisinin sayı 2050-ci ildən əvvəl 9,5 milyon nəfərə çatarsa, hökumətə sığınacaq verilməsi və ailələrin birləşdirilməsi üzrə kvotalar tətbiq etmək səlahiyyəti veriləcək.
İctimai rəy sorğularının nəticələrinə görə, ölkə sakinləri bu təşəbbüsə münasibətdə demək olar ki, bərabər iki hissəyə bölünüblər. Respondentlərin təxminən 47 faizi layihəni dəstəkləyir, 47 faizi isə əleyhinə çıxış edir.
Hazırda İsveçrə əhalisinin sayı təxminən 8,6 milyon nəfərdir. Onların təxminən üçdə birini xarici vətəndaşlar təşkil edir.