Qırmızı xətt! - “ABŞ “907-ci düzəliş”i ləğv etməli və silah satışına...”

ABŞ prezidenti Co Bayden 28 may- Respublika Günü münasibətilə Azərbaycan dövlət başçısı İlham Əliyevi təbrik edib. O, təbrik məktubunda tərəflər arasındakı qarşılıqlı əlaqələrdən danışıb. Bayden bildirib ki, münaqişənin uzunmüddətli həllində maraqlıdır: 


“Amerika Birləşmiş Ştatları ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir. Biz Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdarıq. ATƏT-in Minsk qrupunun həmsədri olaraq münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiq qalırıq» .

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli ikitərəfli əlaqələr barədə “Sherg.az”a danışdı: 

“Hər halda bəzi məqamlara aydınlıq gətirilməlidir. Məsələ ondan ibarətdir ki, Ermənistan ABŞ-la əlaqələrinə davam edir və Azərbaycan Vaşinqtonun region üçün perspektiv imkanlarının bitməsinin tərəfdarı deyil. 

ABŞ ən azından “907-ci düzəliş”i ləğv etməli və silah satışına icazə verməlidir. Əlbəttə, biz bundan hərbi məqsədlər üçün istifadə etməyəcəyik. 
Çünki artıq münaqişə bitib. Amma ABŞ regionun həssas olduğunu nəzərə alıb müttəfiqlik nümunəsi göstərə bilər. Bu, münasibətlərimiz üçün qırmızı xəttdir. Baydenin dedikləri isə həm də Ermənistana mesajdır. Sözügedən bəyanat ortaq məxrəci tapmaq kimi başa düşülə bilər”.