İqtidar da, müxalifət də xal qazanmaq istəyir

Ermənistanın təxribat cəhdləri ölkədə keçiriləcək seçki ilə bağlıdır

"Bu hadisələrdən sonra Birgə Monitorinq Mərkəzinin hansısa açıqlamasının və ya mövqeyinin olmaması təəccüb doğurur"


Ötən gün sosial şəbəkədə ermənilərin sərhəddə azsaylı Azərbaycan əsgərlərinin olduğu posta hücumu və əsgərlərimizə xəsarət yetirməsini əks etdirən video-görüntülər paylaşılmışdı. Yaranmış narazılığı nəzərə alan Azərbaycan Müfafiə Nazirliyi məsələyə aydınlıq gətirib. Nazirlikdən vurğulanıb ki, mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub.

Eyni zamanda Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb. Düşmənə cavab atəşi açılmayıb və itki yoxdur. Ümumiyyətlə, son günlər Ermənistan-Azərbaycan sərhədində baş verən insidentlər getdikcə artmaqdadır. İstənilən halda erməni silahlılarının bu cür təxribatları üçtərəfli formatda imzalanmış 10 noyabr 2020 və 11 yanvar 2021-ci il müqavilələrinin şərtlərinin kobud şəkildə pozulması deməkdir. Təbii ki, Ermənistan tərəfinin “fəallaşması”nın arxasında dayanan səbəblər var. 

Düşmən tərəfin atəşkəsi pozmaq cəhdini “Şərq”ə dəyərləndirən AMİP sədri Arzuxan Əlizadə bildirib ki, Azərbaycan tərəfi rəsmi şəkildə bəyan edir ki, hərbçilərimiz erməni silahlılarına bir güllə belə atmayıblar. Partiya rəhbəri vurğulayıb ki, Ermənistan tərəfinin sərhəddə təxribatlara al atmasının səbəbləri var:

“Gələn ay Ermənistanda parlament seçkiləri keçiriləcək. Düşmən ölkədə açıq nüfuz savaşı gedir. Üzdə olan siyasətçilər özlərini təsdiqləmək üçün dəridən-qabıqdan çıxırlar. Ola bilsin, müəyyən siyasi qüvvələr ordudakı əlaltıları sayəsində sərhəddə gərginliyin fitilini tutuşduraraq, prosesləri öz xeyirlərinə dəyişmək istəyirlər. Ya da süni gərginliklə Qarabağ ətrafında baş verən proseslərə üçüncü tərəfi də cəlb etməyə çalışırlar. Yəni Ermənistanda “bulanıq suda balıq” tutmaq istəyənlər ortaya çıxıb. Hər vəchlə sərhədlərin delimitasiya və demarkasiya prosesinin qarşısını almağa cəhd göstərirlər”. 
A.Əlizadə vurğulayıb ki, bu hadisələrdən sonra Birgə Monitorinq Mərkəzinin hansısa açıqlamasının və ya mövqeyinin olmaması təəccüb doğurur: “Rusiya sülhməramlıları məsuliyyət dairəsinə aid ərazilərdə, Şuşa ətrafında yaşanan olaylara qaneedici izahatlar vermirlər və seyrçi mövqedə qalırlar. Bir-iki ümumi cümlə ilə Azərbaycan Müdafiə Nazirliyini məlumatlandırdıqlarını qeyd edirlər. Sərhədlə bağlı təxribatlarda çox diqqətli olmalıyıq. Ermənistanda seçkilər öncəsi bənzər təxribatların olması ehtimalı böyükdür. Əlbəttə, düşmənin bütün pozucu hərəkətlərinə layiqli cavab veriləcək. Ermənistan Azərbaycanla sərhəddə işğal etdiyi hər qarış torpağımızı mütləq qaytaracaq. Könüllü verməyə razı olmasalar, zor gücünə geri alacağıq. Ümumən bu proses Ermənistan üçün çox sancılı keçəcək”.