Yeni mərhələ!- “Serbiya Azərbaycanla münasibətləri düzəltmək istəyir”

Serbiyanın xarici işlər naziri Nikola Selakoviç Azərbaycana səfər edəcək.  Bununla bağlı Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda məlumat verib. O bildirib ki, səfər zamanı Azərbaycan-Serbiya Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti, altıncı iclası keçiriləcək. 

Qeyd edək ki, Serbiya İkinci Qarabağ müharibəsində Ermənistana silah yardımı edən ölkələrdən biri idi. Lakin ordumuz düşməni məhv etdi, hazırda Azərbaycan qalib tərəfdir. Belə olan halda bu səfər nəyə hesablanıb?



Sualımızı cavablandıran politoloq Məhəmməd Əsədullazadə “Sherg.az”a bildirib ki, Serbiya XİN başçısının Azərbaycana gəlməsi ölkəmizlə siyasi-iqtisadi əlaqələrin inkişaf etdirilməsi, həmçinin Qarabağın infrastruktur layihələrində iştirak etməklə əlaqədardır:

“Düzdür, Serbiya müharibə vaxtı Ermənistana silah-sursat yardımı edib. İndi isə çalışır ki, bu məsələni həll edib, Azərbaycanla münasibətləri düzəltsin. Ona  görə çalışırlar ki, belə səfərlərlə iki ölkə arasındakı əlaqələri müsbət tempə daşısınlar.

Ölkəmiz həmişə Serbiya ilə siyasi əlaqələrə üstünlük verib. Azərbaycan Serbiyanın ərazi bütövlüyünü daim təmin edib. Serbiya isə Azərbaycanla siyasi-iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün Qarabağ müharibəsindən sonra yeni bir mərhələni başlatmaq istəyir”. 

Politoloq qeyd edib ki, son günlər Azərbaycana müxtəlif ölkələrin xarici işlər nazirinin gəlməsi ilə dövlətimiz xarici siyasət prioritetlərində hansı ölkə ilə əməkdaşlıq edəcəyini dəqiqləşdirir:

“Azərbaycan-Ermənistan arasındakı böhran fonunda Serbiyanın hansı ölkəyə dəstək durması önəmlidir. Çünki Serbiya Rusiyanın müttəfiqidir və müharibə zamanı da Ermənistana silah yardımı edib. İndi bu ölkə ilə münasibətləri elə səviyyəyə çatdırmalıyıq ki, bundan sonra Ermənistana hansısa silah tədarükünü həyata keçirməsinlər. Fikrimcə, bu səfər iki ölkə arasında yeni münasibətlərin qurulmasına şərait yaradacaq. Serbiya da Azərbaycanla əsasən iqtisadi əlaqələrin inkişaf etdirilməsində maraqlıdır və çalışır ki, Azərbaycan Serbiyaya investisiya yatırsın. Səfərin əsas istiqamət və strategiyası da bundan ibarətdir”.