ABŞ Azərbaycanın humanitar addımını alqışladı


“ABŞ Azərbaycanın saxlanılan 15 ermənini azad etməsini və onların ailələrinə qayıtmasını alqışlayır. Biz həmçinin Ermənistanın Azərbaycana ərazilərin minalardan təmizlənməsini asanlaşdıracaq və gələcəkdə itkilərin qarşısını alacaq vacib məlumatı təqdim etməsi barədə qərarını da təqdir edirik”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ABŞ Dövlət Departameninin saytında yerləşdirilən məlumatda bildirilib.

Dövlət katibi Entoni Blinken prosesdə oynadığı mühüm rola görə Gürcüstanın baş naziri İrakli Qaribaşvili və hökumətə minnətdarlıq edib: “Gürcüstanın addımları bölgə xalqlarının layiq olduqları dinc və firavan gələcəyə yaxınlaşdırmağa xidmət edəcək”.

Onun sözlərinə görə, ABŞ əlavə əməkdaşlıq üçün zəmin olacaq bu cür addımları dəstəkləməkdən məmnundur: “Biz bütün saxlanılan şəxslərin qaytarılmasına çağırış etməkdə davam edirik və bölgə ölkələrinin əməkdaşlığı davam etdirmək və aralarındakı həll olunmamış məsələlərin aradan qaldırılmasında səylərində kömək etməyə hazırıq. Biz həmçinin Ermənistan və Azərbaycanı ATƏT-in Minsk qrupu həmsədlərinin himayəsi altında münaqişənin hərtərəfli siyasi həlli istiqamətində substantiv danışıqları bərpa etməyə çağırırıq”.