Ölkədə siyasi qüvvələrlə cəmiyyət arasında bütün rabitə itib
“Hazırda Robert Koçaryanla Paşinyan arasında ciddi rəqabət yaşanır. Koçaryan Rusiyadan aldığı media dəstəyi və digər təşviqlərlə güclü seçki kampaniyası aparır”.
“Sherg.az” xəbər verir ki, bu sözləri politoloq Tural İsmayılov deyib.
Siyasi şərhçi bildirib ki, Ermənistan cəmiyyətində Nikol Paşinyanla onu təhqir edən çoxvektorlu siyasi qüvvələr arasında seçim etmək imkanları ilə bağlı ciddi şübhə, tərəddüd mövcuddur:
“Bundan başqa Paşinyanın səslərini bölmək üçün ortaya atılan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, “Vətən” blokunun rəhbəri Artur Vanetsyan və Serj Sarkisyan da anti-Paşinyan hərəkatının onündə gəlir. Levon Ter Petrosyan və erməni cəmiyyətinin nifrət etdiyi oliqarx Qaqik Tsarukyan və onun “Çiçəklənən Ermənistan” fraksiyasının isə səs faizləri aşağı kimi görünür. Bütövlükdə seçkilərdən sonrakı dövrdə də Ermənistan vətəndaş müharibəsinə təşnədir. Bu baxımdan seçkidə mütləq kiminsə qalib gələcəyini söyləmək üçün tezdir. Hər şey seçki günündə həll edilməyəcək. Ermənistanda xarici qüvvələrin əli ilə çevriliş də baş verə bilər. Ümumiyyətlə, Ermənistanda siyasi qüvvələrlə cəmiyyət arasında bütün rabitə itib. Ermənistanda keçirilən son rəy sorğuları göstərir ki, bu ölkədə seçkidən sona vəziyyət tamamilə məcradan çıxacaq. Ermənistandakı toqquşmalar 2022-ci ilə qədər kuliminasiya nöqtəsinə çatacaq. İrəvan inqilabların yedəyindədir. Ölkədə iqtidar da, müxalifət də Ermənistanın gələcəyini görmür. Hətta vəziyyət o həddə çatıb ki, xalqı ümumiyyətlə saymırlar, siyasi institutlar arasında düşmənçilik üst səviyyədədir, hərbi komandanlıqda sabitlik yoxdur”.
Ekspertin sözlərinə görə, ölkə müxtəlif xarici qüvvələrin oyun meydanına çevrilib:
“30 ilə yaxın işğalçılıq və qəsbkarlıq siyasəti yürüdən Ermənistan özünün dövlətçilik gələcəyini məhv edib. Azərbaycan Prezidentinin siyasi iradəsi və ordumuzun şanlı qələbəsi nəticəsində Ermənistanın nəinki ordusu sıradan çıxarıldı, bütün idarəetmə strukturları iflic vəziyyətə düşdü. Bu qədər xaotikliyin nəticəsində Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan başqa yolu qalmayıb. Hakimiyyətdə kimin olmağından asılı olmayaraq Ermənistanın hansısa xırda revanşizmi belə özünün mövcudluğunun sual altına düşməsiylə nəticələnəcək. Demoqrafiya böhranı, idarəetmədəki bacarıqsızlıq, işsizlik, sosial tənəzzül və ölkənin başqa güclərə peşkəş çəkilməsi regionda Ermənistanın son nöqtədə olduğunu göstərir. Ermənistanda ya siyasi institutlar regional əməkdaşlığa can atıb normal əlqələr quraraq qonşularıyla yaxşı münasibətlər quracaq, ya da Ermənistanda nə yaşayacaq adam qalacaq, nə də siyasi-iqtisadi varlıq modeli”.