Köçəryan köhnə “kart”dan istifadə edir! - Blef

Ermənistanın ikinci prezidenti Robert Köçaryan görüşlərindən birində deyib ki, erməni ordusu, silahlanma və sərhədlərin gücləndirilməsi ilə bağlı ona bir il vaxt kifayətdir. Köçaryan bu xam xəyalını belə əsaslandırıb ki, bir il ərzində ordunun və şəxsi heyətin döyüş qabiliyyəti, nizam-intizamı və sərhədlərin müdafiəsi üçün yetərli vaxtdır:

"Bütün yaraların sağalmasına isə 3 il lazım olacaq. Bu, bizim müddətdir". Ermənistanın keçmiş prezidenti mövcud reallıqları nəzərə almadan elə keçmişdən sitat gətirib: "1992-ci ildə 2 ay ərzində könüllülərdən nizami ordu yaratdıq".

O, həmçinin başqa vəd verib. “Danışıqlar prosesində mövqeyimizi möhkəmləndirsək, nəticədə bütün əsirləri, Şuşanı və Hadrutu geri qaytara, regionun ən güclü dövlətinə çevrilə bilərik”, – deyə Köçəryan bildirib.



 MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə sabiq dövlət başçısının bəyanatını “Sherg.az”a şərh etdi:

 “Əlbəttə, bu, seçkiöncəi təbliğat kampaniyasının bir hissəsidir. Populist açıqlama manipulyasiyaya hesablanıb. Köçəryan göstərmək istəyir ki, Qarabağ məsələsi Paşinyandan fərqli olaraq, onun üçün dözülməzdir. O başqa açıqlama verə bilməzdi. Çünki ideologiyaları belədir. Ümumiyyətlə, keçmiş klan üzvlərinin əsas prinsipləri Qarabağ məsələsini qabardaraq hakimiyyətə gəlməkdir. 90-cı illərdə də belə olmuşdu. Köçəryan yenə həmin “kart”dan istifadə edir. Hakimiyyətə gəlsə, vədini yerini yetirməyə çalışacaq. Amma onun bu açıqlamaları artıq ciddi qəbul olunmur”.

M.Əsədullazadə, həmçinin Köçəryanın şanslarını qiymətləndirdi:

 “Köçəryanın Moskva ilə əlaqələri məlumdur. Onun bəyanatları əslində Rusiyanın maraqlarının ifadəsidir. Deməli, Kreml öz imzasına hörmətsizlik edir. Keçmiş prezidentin parlamentə düşəcəyi gözlənilir. Lakin hakimiyyətə gəlməyi çətindir. Çünki tərəfdarları olsa da, vətəndaşlar kifayət qədər səs verməyəcək. Rusiyanın da Köçəryanı hakimiyyətə gətirmək ssenarisi üzərində çalışmasına rəğmən, o, ancaq hərbi çevriliş yolu ilə bunu bacara bilər”.