Nikol Paşinyan: “Hökuməti təkbaşına formalaşdıracağıq”

“Ermənistanın Mərkəzi Seçki Komissiyasının yaydığı ilkin məlumatlara görə, “Vətəndaş Razılaşması” Partiyası yeni seçilən parlamentdə 105 yerdən ən azı 71-nə sahib olmaqla konstitusional çoxluğa malik olacaq”.
“Report” xəbər verir ki, bunu “Vətəndaş Razılaşması” Partiyasının sədri, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan tvitterdə yazıb.
O, “Vətəndaş Razılaşması” Partiyasının təkbaşına hökumət formalaşdıracağını və yeni hökumətə özünün başçılıq edəcəyini bildirib.

Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri İkinci Qarabağ müharibəsində rüsvayçı məğlubiyyətdən sonra uzun müddət davam edən daxili ictimai-siyasi böhran fonunda keçirilib. Seçkilərdə bir sıra qanun pozuntuları, hətta silahlı insident - atışma qeydə alınıb. Ermənistanın Baş Prokurorluğu quruma seçki pozuntuları ilə bağlı 319 məlumatın daxil olduğunu açıqlayıb. Öz növbəsində İstintaq Komitəsi də xeyli sayda qanun pozuntusunun aşkarlandığını bildirib. Seçkilərdə qeydə alınmış qanun pozuntuları ilə əlaqədar bir neçə cinayət işi açılıb.

Ermənistan tarixindəki ikinci növbədənkənar parlament seçkilərində 21 partiya və 4 blok iştirak edib.

Artıq səslərin sayılması başa çatıb. “Vətəndaş Razılaşması” Partiyası 53,92 % səs toplayıb. Sabiq prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku 21,04 % səs yığıb.