Ermənistanda gərginlik davam edəcək – Siyasi qarşıdurmalar...

“Artıq revanşist idealar gündəmdə deyil və Paşinyan öz siyasətini həyata keçirəcək”

“Paşinyanın əsas məqsədi Ermənistanı Qərbə bağlamaqdır”



Ermənistanın sabiq prezidenti Robert Koçaryanın rəhbərlik etdiyi “Hayastan” bloku növbədənkənar seçkilərin nəticələrini tanımadıqlarını bəyan ediblər. Blokun yaydığı bəyanatda bu barədə mövqe açıqlanıb. Bəyanatda deyilir ki, “Hayastan” parlament seçkilərinin nəticələrini tanımağa hələ ki hazırlaşmır.
Blok hesab edir ki, səsvermənin nəticələri mübahisəlidir və etimad yaratmır. “Bu nəticələr ölkədə son 8 ayda baş vermiş proseslərlə ziddiyyət təşkil edir.“Hayastan” bloku səsvermədəki qanun pozuntularını ciddi şəkildə öyrənəcək. Bütün bu məsələlər cavabını tapmayınca səsvermənin nəticələrini tanımayacaq”.

Qeyd edək ki, dünən Ermənistanda parlament seçkiləri baş tutub. Ölkənin Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, Baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası səslərin 53.9 faizini toplamaqla qalib gəlib. Ermənistanın esk-prezidenti Robert Koçaryanın “Ermənistan” bloku isə 21 faiz səs qazanıb. 

Məlumdur ki, seçkilərdən öncə Ermənistanda qarışıq durum hökm sürürdü. Paşinyan və rəqibləri arasında siyasi qarşıdurmalar yaranmışdı. Lakin seçkilər yekunlaşsa da, müəyyən gərginlik davam edir. Maraqlıdır, Koçaryanın seçki nəticələrini tanımaması ölkədə xaosun yaranmasına və müəyyən qarışıqlığa səbəb ola bilərmi?

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov  “Sherg.az”a açıqlamasında Ermənistanda xaosun davam edəcəyini söyləyib:

“Seçkiqabağı kampaniyanı yada salsaq, görərik ki, Koçaryan və Sarkisyan Rusiya mediası, ermənilərin Rusiyada olan Diasporu tərəfindən dəstək alıblar. Hesab edirəm ki, bu dəstək tam səmimi deyildi. Eyni zamanda görürdük ki, Rusiya Paşinyana dəstəyini də davam etdirirdi. Yəni hiss olunurdu ki, sadəcə olaraq bir görüntü üçün müəyyən dəstəklər verilirdi. Çünki gərgin zamanlarda olduğu kimi, məsələn, Ermənistan Baş Qərargah rəisinin vəzifədən çıxması zamanı yenə Rusiya tərəfindən hansısa dəstək bəyanatları var idi. Belə görsənir ki, revanşist ideyaları irəli sürən ruspərəst dairələr reallıqda heç də Rusiya tərəfindən dəstəklənmir. Bu da onu deməyə əsas verir ki, artıq revanşist idealar gündəmdə deyil və Paşinyan öz siyasətini davam etdirəcək. Lakin yenə Ermənistanda mürəkkəb proseslər olacaq. Paşinyanın əsas məqsədi Ermənistanı Qərbə bağlamaqdır. Ona görə də İrəvanda siyasi qarşıdurmalar davam edəcək”.